Məkkədə ​Məhəmməd peyğəmbərin (s) doğulduğu evin yerində ticarət mərkəzi tikiləcək

Məkkədə ​Məhəmməd peyğəmbərin (s) doğulduğu evin yerində ticarət mərkəzi tikiləcək Əfsanəvi yer dəyəri milyard dollarla ölçülən tikinti layihəsinə daxil olub
Din
14 Noyabr , 2014 21:30
Məkkədə ​Məhəmməd peyğəmbərin (s) doğulduğu evin yerində ticarət mərkəzi tikiləcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Məhəmməd peyğəmbərin (s) Məkkədə doğulduğu hesab edilən yer yaxın vaxtlarda kommersiya məqsədli daşınmaz əmlakın tikilməsi niyyəti ilə dağıdıla bilər.

"Report" Britaniyanın nüfuzlu "The İndependent" nəşrinə istinadən xəbər verir ki, sözügedən yerdə dəbdəbəli kral sarayı və elit ticarət mərkəzlərinin inşası planlaşdırılıb.

Qəzetin məlumatına görə, əfsanəvi yer dəyəri milyard dollarla ölçülən tikinti layihəsinə daxil olub.

"Bir neçə il əvvəl start verilmiş layihə hər il Həcc ziyarəti zamanı müqəddəs Məkkə şəhərinə ziyarətə gələn milyonlarla zəvvarın tələbatını ödəmək üçün Məscidül-Haram - Böyük Məscidi genişləndirməsini nəzərdə tutur", - deyə material müəllifi bildirir.

Eyni zamanda, ekspertlər tarixi ərazilərin kommersiyalaşdırılması səbəbindən artıq çoxdan həyəcan təbili çalırlar.

Vaşinqtonda yerləşən Fars Körfəzi Problemləri İnstitutunun məlumatına görə, Məkkədə min illik tarixi olan binaların təqribən 95%-i otel, premium sinifli yaşayış evləri və ticarət mərkəzlərinin inşası məqsədi ilə dağıdılıb.

"Ötən həftə 500 il əvvəl Osmanlı imperiyası dövründə peyğəmbərin Meraca getməsinin şərəfinə ucaldılan sütunlar sökülüb", - deyə qəzet Britaniyanın İslam İrsi Araşdırmalar Fondunun doktoru İrfan Ələvinin sözlərini sitat gətirir.

O bildirib ki, peyğəmbərin (s) Miladi tarixlə 570-ci ildə doğulduğu hesab edilən "Mövlüd evi" ilin sonuna qədər məhv edilə bilər.

"The Independent" bu yaxınlarda turist və zəvvarların üzünə bağlanan "Mövlud evi"nin də daxil olduğu tikinti planı ilə yaxından tanış olduğunu yazıb.

Son xəbərlər

Orphus sistemi