Yuxarı
    Bağlamaq

    ​Mübariz Qurbanlı: “Dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır”

    Şəkidə dini icmalar üçün iki günlük regional konfrans işinə başlayıb

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Şəkidə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.

    Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.

    Konfransın açılış mərasimində DQİDK-nın sədri Mübariz Qurbanlı, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov, millət vəkili Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı iştirak ediblər.

    Komitə sədri Mübariz Qurbanlı Şəki İslam mədrəsəsində, Şəki Cümə məscidində, Şəki İmam Əli məscidində olub. M.Qurbanlı mədrəsənin müəllim və tələbələri, dini icma üzvləri ilə görüşüb.

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı bildirib ki, QMİ-də son illərdə ənənə halını almış qanvermə aksiyasının təşkili cəmiyyətdə müsbət qarşılanıb: “Hər il olduğu kimi, bu ildə də Aşura günündə QMİ qanvermə aksiyası təşkil edəcək. Eyni zamanda, QMİ sədrinə qadın müavin təyin olunması din sahəsində qadınların rolunun artması üçün yeni bir ənənənin əsasını qoyub”.

    Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov dövlətin dinə hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşdığını qeyd edərək, dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çoxlu layihələr həyata keçirildiyini vurğulayıb. Sərraf Hüseynov bildirib ki, məscidlər, həm də elm ocağı olmalıdır.

    Konfransın açılış mərasimini yekunlaşdıran DQİDK-nın sədri Mübariz Qurbanlı söyləyib ki, bu gün Azərbaycanda dinlərarası münasibətlər ən yüksək səviyyədədir: “Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Ölkə dindarlarını xarici təsirlərdən qorumaq daha çox ruhanilərin üzərinə düşən məsuliyyətdir. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq”.

    Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

    Konfrans müxtəlif mövzular üzrə panellərlə sabah öz işini davam etdirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi