Lənkəran və Göytəpə sərhəd dəstələrinin qarnizonlarında seminarlar keçirilib

Lənkəran və Göytəpə sərhəd dəstələrinin qarnizonlarında seminarlar keçirilib Tədbir “Qeyri-ənənəvi dini cərəyanlar və onların fəaliyyət metodları”, “Dini ekstremizm və onun təbliğat metodları” mövzularında olub
Din
17 May , 2017 18:50
Lənkəran və Göytəpə sərhəd dəstələrinin qarnizonlarında seminarlar keçirilib

Bakı. 17 may. REPORT.AZ/ Dövlət Sərhəd Xidməti (DSX) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə Tədbirlər Planına uyğun olaraq, Lənkəran və Göytəpə sərhəd dəstələrinin qarnizonlarında “Qeyri-ənənəvi dini cərəyanlar və onların fəaliyyət metodları”, “Dini ekstremizm və onun təbliğat metodları” mövzularında seminarlar keçirilib.

Komitədən "Report"a verilən məlumata görə,seminarda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verib. N.Məmmədov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında danışaraq, bəzi qüvvələrin radikal dini cərəyanların ölkəmizdə təbliğinə, dövlətimizin dünyəvi xarakterini dəyişmək və sabitliyi pozmaq üçün dini ayrı-seçkilik yaratmaqla insanları müxtəlif təriqətlərə parçalamağa, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibində iştirakına cəlb etməklə cinayət tərkibli əməllər törətməyə cəhd göstərdiyini vurğulayıb.

Hərbi hissə komandirinin müavini, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov məruzələrlə çıxış edib.

Dini radikalizmin törətdiyi fəsadlar barədə ətraflı fikir mübadiləsi aparılan seminarlarda bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənib. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verilib.

Son xəbərlər

Orphus sistemi