​Komitə sədrinin müavini: “Hazırda Azərbaycanda radikal dini qruplar və şəxslər mövcud deyil”

​Komitə sədrinin müavini: “Hazırda Azərbaycanda radikal dini qruplar və şəxslər mövcud deyil” “Əvvəlki illərdən fərqli olraq bu il cənub bölgəsində təqvimin pozulması aşkarlanmayıb”
Din
1 İyul , 2016 16:34
​Komitə sədrinin müavini: “Hazırda Azərbaycanda radikal dini qruplar və şəxslər mövcud deyil”

Bakı. 1 iyul. REPORT.AZ/ "Ramazanla bağlı təqvimin pozulması gələcəkdə dini zəmində qarşıdurmaya, ayrı-seçkiliyə, dözümsüzlüyə, nifaqa, hətta düşmənçiliyə belə gətirib çıxara bilər".

Bunu "Report"a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov bildirib. 

Onun sözlərinə görə, belə bir nümunə bir sıra ölkələrdə müşahidə edilir: "Bu gün də bir sıra xarici dini mərkəzlərin, dairələrin Azərbaycanda öz nüfuz dairələrini genişləndirmək, sosial bazalarını artırmaq üçün din amilindən istifadə etmələri ilə bağlı məlumatlar var. Bu cəhdlərin içərisində təqvim vacib məsələlərdən biridir. Belə ki, insanları həmin təqvimə uyğun olaraq ibadətə cəlb etməklə onları öz təsirləri altına salmaq imkanları yaradırlar. Təqvimin həm siyasi, həm hüquqi, həm də mənəvi baxımdan mahiyyəti bizi düşündürür və ciddi əhəmiyyət kəsb edir. Biz çalışırıq ki, insanlarımızı bu məsələ ilə bağlı maarifləndirək, məlumatlandıraq. Vətəndaşlarımızın təqvim məsələsinə sadəcə ibadət amili kimi baxmasını yox, eyni zamanda, bunun arxasında hansı siyasi, ideoloji, hüquqi məsələlərin olmasını anlamalarını istəyirik. Həmin ölkələrin bu imkanlardan hansı məqsədlər üçün bəhrələnib istifadə etdiklərini bilsinlər. Nəticədə ölkəmizə qarşı yönəlmiş maraqların həyata keçirilməsində bir alətə, vasitəyə çevrilməsinlər".

S.Heydərov deyib ki, bu hal dini etiqad azadlığının pozulmasına da gətirib çıxara bilər: "Bu hallar isə Azərbaycanda dini təhlükəsizlik və ümumillikdə milli təhlükəsizliyimizə təhdid yarada bilər. Vətəndaşlara dini kimliyini müəyyənləşdirməsi üçüm tam azadlıq yaradılıb. Onların bu mühitdən istifadə edib, yad təsirlərə məruz qalmamalarını arzu edərdik. Hərdən Azərbaycanın öz dini mərkəzi olduğu halda nəyə görə bu insanların digər ölkələrin dini mərkəzlərinin müəyyənləşdirdiyi təqvimlə ibadət eməyə yönəldiklərini başa düşmürük. Onların içərisində bunu bilərəkdən edənlər də var. Əvvəllər təqvimi pozan şəxslər İran, Türkiyə, ərəb ölkələrinin dini mərkəzlərinin təqviminə uyğun ibadət ediblər. Zaman-zaman hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslər aşkarlanıb və barələrində tədbirlər görülüb. Ancaq bəziləri bunun mahiyyətini başa düşmədən edirlər".

Komitə sədrinin müavini vurğulayıb ki, Azərbaycanda İslam dininə aid müxtəlif təriqətlərin, cərəyanların daşıyıcıları yaşayır və ibadət edirlər: "Azərbaycanda tolerantlığın ən nümunəvi forması mövcuddur, nümunəvi vəhdət mövcuddur. Ölkəmizdə ayrı-ayrı cərəyanların daşıyıcılarının birgə vəhdəti, ibadətləri də bir nümunədir. Məscidlərdə vəhdət namazının qılınması da vəhdətimizi nümayiş etdirən məsələdir. Müşahidələr təqvimin pozulmasına yol verən əksər vətəndaşların məsələnin mahiyyətini anlamadıqlarına görə belə etdiklərini göstərir. Builki müşahidələrimiz isə bu məsələdə xeyli müsbət nəticələrin əldə olunduğunu göstərir. Yəni rəsmi qeydiyyatda olan ibadət yerlərində din xadimləri tərəfindən pozuntu halları aşkar edilməyib".

S.Heydərov qeyd edib ki, indiyədək Qazax, Bərdə, Zaqatala, Balakəndə təqvimin pozulması halları olub: "Bunlar qeyri-rəsmi dindarlar tərəfindən və məsciddən kənar ərazilərdə baş verib. İnsanlar qrup halında hansısa bir mənzildə topalaşaraq ibadətlə məşğul olublar. Komitənin yerli şöbələrinin əməkdaşları tərəfindən bu faktlar vaxtında aşkarlanıb, yerli icra və hüquq-mühafizə orqanları vasitəilə həmin insanlarla söhbətlər aparılıb və məsələnin mahiyyəti izah olunub. Bu il əvvəlki illərdən fərqli olaraq cənub bölgəsində təqvimin pozulması halları müşahidə edilməyib. Həmin bölgədə Komitə və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən silsilə maarifləndirici tədbirlər keçirilib. Bundan başqa, hüquq-mühafizə orqanları tərəfindən bir sıra qanun pozuntusuna yol verən şəxslər məsuliyyətə cəlb ediliblər. Hesab edirik ki, bu amillər pozuntuların qarşısının alınmasında mühüm rol oynayıb".

Komitə sədrinin müavini bildirib ki, təqvimi pozanlar arasında radikalyönümlü təsirlərə məruz qalan şəxslər də ola bilər: "Ancaq onları radikal adlandıra bilmərik. Hazırda Azərbaycanda radikal dini qruplar və şəxslər mövcud deyil. Bir qrup şəxslər var idi ki, onlar hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman neytrallaşdırılıblar. Eyni zamanda, onlardan bir qrupu ölkəni tərk edib, Suriyada və ya başqa ölkələrdə qalıblar. Bu problemlərin yaranmaması üçün hazırda Komitə tərəfindən silsilə maarifləndirici tədbilər keçirilir. Yerli icra strukturları, hüquq-mühafizə orqanları ilə konkret plan çərçivəsində koordinasiyalı fəaliyyətin gücləndirilməsi istiqamətində tədbirlərimiz olur". 

Son xəbərlər

Orphus sistemi