Yuxarı
    Bağlamaq

    ​Komitə sədri: "Ermənistan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini bu gün də davam etdirir"

    Stokholmda Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətindən danışılıb

    Bakı. 12 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçə səfəri çərçivəsində Stokholmda fəaliyyət göstərən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunda görüş keçirib.

    Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

    Tədbirdə institutun direktoru Svante Kornel, İsveç Parlamentinin keçmiş üzvü, ATƏT-in Parlament Assambleyasının sabiq prezidenti Qoran Lenmarker, Stokholm Türkiyə Araşdırmaları İnstitutunun rəhbəri Paul Levin, habelə İsveçin Müdafiə Tədqiqatları Mərkəzi, İsveç İnkişafa Yardım Agentliyi, Malmo Universiteti və İsveç Beynəlxalq Liberal Mərkəzinin təmsilçiləri iştirak ediblər.

    Azərbaycanın keçdiyi tarixi yoldan və bugünkü iqtisadi inkişafından danışan Mübariz Qurbanlı, həmçinin Azərbaycanda uğurla aparılan multikulturalizm və tolerantlıq siyasətindən bəhs edib.

    Aprel ayının 2-dən başlayaraq Ermənistan-Azərbaycan qoşunların təmas xəttində baş verən toqquşmalara diqqəti yönəldən Mübariz Qurbanlı, əslində bu hadisələrin Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamənin qəbul olunduğunu və bu qətnamələrin hər birində erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarının tələb edildiyini xatırladan Mübariz Qurbanlı deyib ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini bu gün də davam etdirir.

    Azərbaycanın münaqişəni sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə çalışdığını vurğulayan komitə sədri ötən illər ərzində Ermənistan hökumətinin həmişə destruktiv mövqe tutduğunu, bunun nəticəsi olaraq münaqişənin bütün regionun inkişafına mənfi təsir etdiyini bildirib. Mübariz Qurbanlı Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması, hökumətin həyata keçirdiyi din siyasəti və rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı tədbir iştirakçılarının çoxsaylı suallarını da cavablandırıb.

    Tədbirin sonunda isə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımından, olkəmizdə dini tolerantlıqdan bəhs edən kitablar İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutuna hədiyyə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi