Yuxarı

Komitə sədri: “Ekstrasensliklə falçılğı eyniləşdirmək lazım deyil”

“Falçılığa qarşı mübarizə vacib və zəruridir”

Bakı. 18 avqust. REPORT.AZ/ "Falçılıq özü xurafatın bir elementidir. Falçılığa qarşı və falçılıq adı ilə bu və ya digər insanların aldadılmasına qarşı mübarizə vacib və zəruridir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri xatırladıb ki, bununla əlaqədar həm İnzibati Xətalar Məcəlləsində, həm Cinayət Məcəlləsində müvafiq cəzalar nəzərdə tutulub: "Eləcə də Komitənin bu məsələdə müəyyən səlahiyyətləri var ki, biz bundan istifadə edərək Daxili İşlər Nazirliyinin yerli qurumları ilə birgə ayrı-ayrı bölgələrdə, rayonlarda, şəhərlərimizdə falçılıqla məşğul olan şəxsləri aşkara çıxarıb onlarla profilaktik söhbət aparırıq. Onlara xəbərdarlıq edilir ki, fəaliyyətləri qeyri-qanunidir və bu cür əməllərə yol vermək olmaz".

M.Qurbanlı xatırladıb ki, Tofiq Dadaşov kimi məşhur ekstrasenslər olub: "Ekstrasenslik dünyada da qəbul olunub. Lakin ekstrasens falçı deyil. Ekstrasensliklə falçılğı eyniləşdirmək lazım deyil. Falçılıq primitiv şəkildə insanları aldadıb bu və ya digər formada insanların vəsaitini mənimsəmədir. Bu məsələdə bütün dünyəvi dinlərin hamısı bu cür hərəkətləri qətiyyətlə pisləyir. İslam dini də falçılğı və digər bu kimi hərəkətləri pisləyir. İnsanların bu və ya digər inancından sui-istifadə edərək dələduzluq etmək, onların əmlakını mənimsəmək yolverilməzdir. Buna qarşı mübarizə aparılmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi