Komitə sədri “Bney Brit” beynəlxalq təşkilatının nümayəndələri ilə görüşüb

Komitə sədri “Bney Brit” beynəlxalq təşkilatının nümayəndələri ilə görüşüb ​Görüşdə Azərbaycan və yəhudi xalqlarının qardaşlığını gücləndirə biləcək ortaq layihələr haqqında müzakirələr aparılıb
Din
30 İyun , 2017 20:50
Komitə sədri “Bney Brit” beynəlxalq təşkilatının nümayəndələri ilə görüşüb

Bakı. 30 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə yaşayan yəhudilərin vəziyyəti ilə tanış olmaq, İsrail-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə çalışmaq məqsədi ilə Azərbaycanda səfərdə olan “Bney Brit” beynəlxalq təşkilatının prezidenti Qari Saltzmən və nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Komitənin mətbuat xidmətindən "Report"a bildirilib ki, görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, icraçı direktoru Daniel Mariaşin, BMT və Əlaqələndirmə Məsələləri üzrə direktoru Devid Maykls, eləcə də təşkilatın direktorlar şurasının və nümayəndə heyətinin üzvləri, Avropa Yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal da iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır.

Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bir sıra məscid və ziyarətgahların, xristian və yəhudi abidələrinin təmir və bərpasına xüsusi diqqət göstərir.

Azərbaycanın İsraildən sonra yəhudilərin ən sıx məskunlaşdığı ölkə olduğunu vurğulayan komitə sədri ölkəmizdə 7 sinaqoqun, yəhudi məktəblərinin fəaliyyət göstərdiyini bildirib. O deyib ki, dövlət tərəfindən dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayrılır. Maliyyə vəsaitinin ayrılması ilə bağlı növbəti sərəncam bu yaxınlarda imzalanıb ki, burada Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

“Bney Brit” beynəlxalq təşkilatının fəaliyyəti barədə məlumat verən Qari Saltzmən deyib ki, bir əsrdən çox tarixə malik təşkilatın əsas vəzifəsi dini müxtəlifliyi təbliğ etmək, müxtəlif dinlərin nümayəndələrinin tolerantlıq mühitində yaşaması üçün işlər görməkdir.

Qonaq unikal dini tolerantlıq modelinə malik olan dövlət kimi Azərbaycanda yəhudilərin ibadəti və dini adət-ənənələrini qoruması üçün şərait yaradılmasından, yəhudilərə hörmət və qayğı göstərilməsindən məmnun olduğunu bildirib.

Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan və yəhudi xalqlarının qardaşlığını gücləndirə biləcək ortaq layihələr haqqında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi