Yuxarı
    Bağlamaq

    Komitə sədri: "Azərbaycanda başqa xalqların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb"

    Göyçayda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

    Bakı. 30 avqust. REPORT.AZ/ Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

    Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seminar-müşavirədə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icmaların rəhbərləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

    Seminar-müşavirədə əvvəlcə dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda başqa xalqların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb.

    Mübariz Qurbanlı bildirib ki, Azərbaycan İslam ölkəsidir və mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada bir milyarddan çox insan etiqad edir: "Biz də bu dəyərlərə sahib ölkələrdən biri kimi İslamı yad təsirlərdən qorumalıyıq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu gün Azərbaycanda dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin etiqad azadlığı təmin olunur. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir".

    Konfransda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə də çıxış edib. Daha sonra Milli Məclisin deputatı Elman Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Göyçayın “Yuxarı məscid” dini icmasının sədri Rəsul Kazımov çıxış ediblər.

    Seminar-müşavirədən sonra Komitə sədri Mübariz Qurbanlı Göyçay şəhərindəki məscidləri ziyarət edib, dini icmaların fəaliyyəti ilə tanış olub, məscidlərə kitablar hədiyyə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi