Yuxarı

Komitə sədri: "Azərbaycan ailəsi Strategiyası” hazırlanır

Bakıda “İslamda qadın zorakılığına münasibət” adlı tədbir keçirilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “İslamda qadın zorakılığına münasibət” adlı tədbir keçirilib.

DQİDK-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, tədbirin keçirilməsində əsas məqsədin İslamda qadın-kişi bərabərliyi, İslam cəmiyyətində qadının mövqeyi, ailə dəyərlərinə və qadınlara qarşı zorakılığa dini münasibətin düzgün qiymətləndirilməsidir. Onun sözlərinə görə, İslam qadınların ictimai aktivliyini dəstəkləyən bəşəri dindir.

Komitə sədri bildirib ki, Sabirabadda 7, Masallıda 14, Neftçalada 6 qadın biznes fəaliyyətinə başlayıb. Dövlət Komitəsinin sədri əlavə edib ki, məişət zorakılığı böyük bir problemdir: “Komitə tərəfindən artıq məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb. Məişət zorakılığı haqda bütün məlumatlar həmin bankda toplanır”. Cəmiyyətdə məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma halları, intiharlar, xüsusilə uşaq intiharlarının sayının artması müşahidə olunur. Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb. Komitə sədri onu da bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır. Sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ailə məsələsində ailə tərbiyəsi ilə məktəb tərbiyəsi üst-üstə düşməlidir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə Azərbaycan ailəsinin dövlətin qayğısı ilə tam əhatə olunduğunu qeyd edib.

O deyib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir: "Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır. Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır".

Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri və ilahiyyatçılar iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi