Yuxarı

Komitə sədri: “Aprel döyüşləri zamanı ermənilərin zərər vurduğu abidələr bərpa ediləcək”

“Ermənistan üst-üstə Azərbaycana məxsus 1 000-ə yaxın abidəni dağıdıb”

Bakı. 17 may. REPORT.AZ/ "Ötən ayın əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlar nəticəsində dağıdılan və zərər görən milli-mənəvi, dini dəyərlərə malik abidələrin hər biri həmin ərazilərdə aparılacaq bərpa işləri çərçivəsində bərpa olunacaq".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Cəbhə bölgəsində dağıdılan bütün obyektlərin siyahıya alındığını deyən M.Qurbanlı sərhədyanı bölgələrdə təmir-təmir tikinti işləri ilə bağlı tədbirlər görüldüyünü bildirib: "Azərbaycan Prezidenti İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri, vətəndaşlarla görüşləri, Tərtər və Ağdam rayonlarında aparılacaq bərpa işləri ilə bağlı xüsusi sərəncamla vəsait ayırması görüləcək işlərə təkan verib. Bərpa işləri çərçivəsində dağıdılan, zərər çəkən milli-mənəvi, dini dəyərə malik abidələrimizin hər biri bərpa ediləcək".

Komitə sədri bildirib ki, erməni vandalları bütövlükdə Dağlıq Qarabağda Azərbaycanın çoxsaylı tarixi abidələrini, ümumilikdə minə qədər abidəni dağıdıblar: "Dağıdılan abidələrin içərisində mədəniyyət abidəsi, tariximizi özündə əks etdirən etnoqrafik arxeoloji xarakterli abidələr də var. Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, İslam dini ilə bağlı və digər dinlərə aid abidələr var ki, onlar da dağıdılıb. Erməni kilsəsi əslində xristianlığın da ayrı-ayrı cərəyanlarına qarşıdır və bu vəhşiliyi onlara qarşı da tətbiq edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi