Yuxarı
    Bağlamaq

    Komitə rəsmisi: "Dini ayrı-seçkiliyi və radikallığı təbliğ edən 39 adda kitabın ölkəyə idxalının qarşısı alınıb"

    Azərbaycanda altı ayda 10 “İslam Kolleci” Dövlət Komitəsində qeydiyyata alınıb

    Bakı. 4 iyul. REPORT.AZ/ "Ölkə ərazisində 210-u Naxçıvan Muxtar Respublikasının payına düşməklə 2246 məscid mövcuddur. 727 məscidin dini icması Dövlət Komitəsində rəsmi dövlət qeydiyyatından keçib."

    "Report" xəbər verir ki, bunu iyulun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında komitə sədrinin birinci müavini Səyyad Salahlı bildirib.

    O deyib ki, 2017-ci ilin yanvar-iyun aylarında dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 767-yə çatdırılıb, o cümlədən 10 “İslam Kolleci” Dövlət Komitəsində qeydiyyata alınıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 739-u İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

    Onun sözlərinə görə, hesabat dövründə respublikada dini təhsillə bağlı vəziyyətin öyrənilməsi, dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasının təmin edilməsi, dini təhsillə əlaqəli proseslərin izlənilməsi, müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, respublika üzrə 161 ünvanda dini kursların təşkil edildiyi qeydə alınıb. Onlardan 9-u istisna olmaqla, hamısı məscidlərdə təşkil edilən Quran kurslarıdır. Ümumilikdə respublika üzrə 204 kurs fəaliyyət göstərir ki, onlardan 140-ı oğlan, 64-ü isə qız tələbələr üçün nəzərdə tutulub.

    S.Salahlı diqqətə çatdırıb ki, ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində iş davam etdirilib: "Ümumilikdə idxalla bağlı 2017-cı ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 897 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 39 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 139 adda dini ədəbiyyata baxılaraq, onlardan 3-nün çapı məqsədəuyğun sayılmayıb. 2017-ci ilin müvafiq dövrü ərzində 7 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi