Bakı. 19 noyabr. REPORT.AZ/ "Multikultural təhlükəsizlik də adi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi kimi eyni şəkildə dövlət səviyyəsində qorunmalıdır".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) "Report"a verilən məlumata görə, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullayev Stokholmda “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti“ mövzusunda keçirilmiş konfransda bildirib.
K.Abdullayev multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi təqdim edərək cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb ola biləcəyini deyib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç Krallığının Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) birgə təşkilatçılığı ilə keçirilib.