“İşğal altında qalmış abidələrimiz: tarixi yaddaşın izi ilə” adlı konfrans keçirilib

“İşğal altında qalmış abidələrimiz: tarixi yaddaşın izi ilə” adlı konfrans keçirilib Tədbirdə Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri, ziyalılar, alimlər iştirak edib
Din
18 Fevral , 2015 12:04
“İşğal altında qalmış abidələrimiz: tarixi yaddaşın izi ilə” adlı konfrans keçirilib

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İnsan Hüquqları İnstitutu ilə birgə “İşğal altında qalmış abidələrimiz: tarixi yaddaşın izi ilə” adlı konfrans keçirib. “Report” xəbər verir ki, konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, tədbirin vaxtı təsadüfi seçilməyib: "Belə ki, bir neçə gündən sonra Xocalı soyqırımının növbəti ildönümü qeyd ediləcək. Ermənilər işğal altında olan torpaqlarımızda, o cümlədən Xocalıda soyqırımlar, vəhşiliklər törədib. Bu məlumatlar müxtəlif dillərdə yayılıb dünyaya çatdırılmalıdır".

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva isə deyib ki, Azərbaycan işğal altında qalmış dini, tarixi, mədəni abidələri, Azərbaycana dəymiş maddi zərər üzərində işləməli və bu hesab işğalçılar qarşısında qoyulmalıdır: "Bizim məqsədimiz bu məsələni beynəlxalq məhkəməyə, tribunala çıxarmaqdır. İşğal altında təkcə müsəlman abidələri deyil, alban, xristian abidələri də var. Bu gün onların qorunmasından heç bir söhbət gedə bilməz. Biz bu məsələni belə qoymayacağıq və bu istiqamətdə işlərimizi davam etdirəcəyik".

A.Mustafayeva, həmçinin qeyd edib ki, tolerantlıq Azərbaycan üçün normal həyat tərzidir: "Biz özümüzə hörmət ediriksə, başqalarının da mədəniyyətinə hörmət etməliyik. Lakin təəssüflər olsun ki, Avropa Konvensiyasının yurdu olan Avropa ölkələri bu mədəniyyəti qoruyub-saxlaya bilmirlər. Avropada multikulturalizm və tolerantlıqdan danışırlar, lakin real həyatda Avropa buna hazır olmadığını göstərdi. Avropada yaşayan müsəlmanlar nə vaxt və harada, kiməsə qarşı zor tətbiq ediblər? Təbii ki, cinayətkarlar istisna olmaqla. Cinayətkarın isə nə vətəni, nə də dini olmur. Amma Avropada İslamofobiya geniş vüsət alır. Bu onu göstərir ki, Avropa özünə çox arxayın olub və nə mədəni, nə də maarifləndirmə işlərini aparmayıb. Məhz bu səbəbdən indiki vəziyyətə gəlib çıxıblar".

Tədbirdə Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri, ziyalılar, alimlər iştirak edib.
Konfransda "Erməni təcavüzü və dini abidələrimiz" və "Dağlıq Qarabağda monumental incəsənət və dini abidələrin ermənilər tərəfindən dağıdılmasının tarixi səbəbləri" mövzusunda təqdimatlar keçirilib.

Son xəbərlər

Orphus sistemi