Yuxarı

“Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib

İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya
© Report / Elchin Murad

Bu gün Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Mədəniyyət naziri Əbülfəs Qarayev, DQİDK sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dünya miqyasında mədəni-mənəvi dəyərlər mərkəzi statusunu bir daha təsdiq edib:

"Dünyanın 500-ə yaxın tanınmış din, dövlət və ictimai xadimlərinin iştirakı ilə baş tutmuş, bəşəriyyəti narahat edən problemlərin mənəvi dəyərləndirməsi üçün özəl əhəmiyyət kəsb edən qlobal miqyaslı Zirvə görüşü Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq platformasında öncül rolunun göstəricisi olaraq, dinlərarası əməkdaşlıq tarixinin səhifələrinə həkk olundu".

Mədəniyyət naziri Əbülfəs Qarayev isə Bakı Mədəniyyətlərarası Forumunun ötən 10 il ərzində ciddi nüfuz qazandığını deyib: "Artıq nə beynəlxalq təşkilatlar, nə də hər hansı bir dövlət bu nüfuzu şübhə altına sala bilməz. Mehriban Əliyevanın sayəsində 13 qeyri-qeyri-maddi mədəniyyət irs və 3 mədəni irsimiz UNESCO-nun siyahısına daxildir. Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həmçinin dünyaya mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müasir dünyamızı təqib edən bir sıra məsələlərin həll edilməsində dialoqların gücləndirilməsi çox vacib olduğunu deyib: "Bu yaxınlarda Bakıda Dünya dini liderlərinin II sammiti keçirildi. Bakı Bəyənnaməsi qəbul edilib. Bütövlükdə bu tədbirlər Azərbaycanın multikultural və tolerant dəyərlərinin dünyaya çatdırılmasında əhəmiyyətli yer tutur".

Tədbir çıxışlarla davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi