Yuxarı

İlham Əliyev: "Qafqazda sabitlik, sıx əməkdaşlıq naminə bundan sonra da səyləri birləşdirmək vacibdir"

Dövlət başçısı Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

"Report"un məlumatına görə, dövlət başçısı Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqa, tolerantlığa, xalqlar arasında anlaşmaya ardıcıl olaraq töhfələr verdiyini vurğulayıb. Prezident Bakıda keçirilən növbəti belə tədbirin - “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransın da bu məqsədə xidmət etdiyini bildirib.

İ.Əliyev gənc nəslin sağlam ruhda tərbiyəsində din xadimlərinin də mühüm rol oynadığını deyib, Qafqazda sabitlik, sıx əməkdaşlıq naminə bundan sonra da səyləri birləşdirməyin vacibliyini qeyd edib.

Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev Azərbaycanda inkişafın sürətlə getdiyini, paytaxtda ən böyük məscidin inşa olunduğunu vurğulayıb. O, ölkəmizdə tolerantlığın hökm sürdüyünü və bu prosesə dövlət başçısının dəstəyini əsirgəmədiyini deyib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda tolerantlığın daha da möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olduğunu və hazırda həmin istiqamətdə tədbirlərin uğurla davam etdirildiyini bildirib. O, Bakıda keçirilən beynəlxalq konfransa UNESCO və ATƏT-in nümayəndələrinin də dəvət olunmasını əsl tolerantlıq nümunəsi kimi dəyərləndirib.

İ.Əliyev Azərbaycan və Şimali Qafqaz xalqları arasında tarixən dostluq münasibətlərinin hökm sürdüyünü deyib. Dövlət başçısı Azərbaycanda yaşayan Şimali Qafqaz xalqları nümayəndələrinin, Şimali Qafqaz respublikalarında yaşayan azərbaycanlıların bu dostluğun daha da möhkəmləndirilməsində mühüm rol oynadıqlarını vurğulayıb. Dövlət başçısı Azərbaycanda tolerantlıq hökm sürdüyü halda, işğalçı Ermənistanın Şuşada, Ağdamda və işğal altında olan digər ərazilərdə məscidləri dağıtdığını diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev Azərbaycanda inkişafın sürətlə getdiyini və milli-mənəvi məsələlərin xüsusi diqqət mərkəzində saxlandığını qeyd edib. O, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasında nümayəndəliyinin açılmasının da xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edəcəyini bildirib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafının dinamik xarakter daşıdığını və hər iki ölkənin din xadimlərinin də bu prosesə töhfələrini əsirgəmədiklərini vurğulayıb. Dövlət başçısı islam dininə qarşı aparılan yanlış təbliğatın yolverilməz olduğunu bildirib.

Sonra Rusiya Federasiyası Şimali Osetiya – Alaniyanın müftisi Hacımurat Qatsalov Rusiya Federasiyası Şimali Osetiya Respublikasının başçısının xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi