Bakı. 29 avqust. REPORT.AZ/ Gündəlik ibadətə açıldığı ilk aylarla müqayisədə "Heydər" məscidinə namaz qılmaq üçün gələnlərin sayı bir neçə dəfə artıb.
Məscidin axundu Rüfət Qarayev "Report"a bildirib ki, hazırda cümə günləri məsciddə 800-1000 nəfər kişi, 100-150 nəfər qadın namaz qılır. Gün ərzində isə məsciddə 350-450 nəfər namaz qılır. Bu da ayda təqribən 5 min nəfər deməkdir.
Axund bildirib ki, ümumiyyətlə, məsciddə beş dəfə namaz qılınır. Sübh, zöhr, əsr, şam və işa namazlarının hər birində 100-ə yaxın mömün məscidə üz tutur: "Əhli-şiə gün ərzində 3, əhli-sünnə 5 dəfə namaz qılır. Cümə namazları hər iki məzhəbin nümayəndələri tərəfindən birlikdə qılınır. Digər günlərdə isə ayrı-ayrılıqda ibadət həyata keçirilir".
Xatırladaq ki, "Heydər" məscidi ötən ilin dekabr ayında gündəlik ibadətə açılıb.