Yuxarı

“Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının təqdimatı keçirilib

Mübariz Qurbanlı: Azərbaycan milli-mənəvi dəyərlərin qorunmasında, din və dövlət münasibətlərində uğurlar əldə edib

Bakı. 8 may. REPORT.AZ/ "Bu gün Azərbaycanda 1600-dən artıq məscid daimi fəaliyyət göstərir". “Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının təqdimatında deyib. 

O qeyd edib ki, Azərbaycan milli-mənəvi dəyərlərin qorunmasında, din və dövlət münasibətlərində uğurlar əldə edib və bu proses daimi inkişafdadır: “Müstəqilliyin ilk illərində Azərbaycanda 17 məscid olubsa, bu gün onların sayı 2050-dir. Onlardan 1600-dən artıq məscid daimi xidmət göstərir. Bu gün Prezident İham Əliyevin dövlət-din münasibətlərinə, islami dəyərlərə, ayrı-ayrı milli-mənəvi dəyərlərə verdiyi önəm göz qabağındadır. Geniş oxucular Dövlət Komitəsinin hazırladığı kitab vasitəsilə ümummilli Heydər Əliyevin dinlə əlaqədar etdiyi çıxışlarla tanış olacaqlar. Bununla da hər kəs Heydər Əliyevin tolerantlıq, din sahəsində etdiyi çıxışlardan yararlana biləcək”.

DQİDK-nin sədri bildirib ki, “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabında ulu öndərin 1993-2003-cü illərdə dövlət-din münasibətləri, milli mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ideyalarını özündə əks etdirən dəyərli çıxışları, nitqləri, görüşləri, təbrikləri əksini tapıb. M.Qurbanlının sözlərinə görə, Heydər Əliyev siyasəti Azərbaycan xalqının tarixində, milli müstəqilliyin əldə olunmasında şərəfli dövrü əhatə edib: “Azərbaycanda dövlət və din münasibətlərində Heydər Əliyev siyasəti uğurla həyata keçirilib və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə din, vicdan azadlığı, tolerantlığın qorunması vacib məsələlərdən biridir".

Qafqaz Müsəlmanları İdarəsinin birinci müavini Hacı Salman Musayev bildirib ki, Heydər Əliyev Azərbaycanın qurucusu, dövlətçiliyin banisi, müstəqilliyə aparan sistemin yaradılmasında əsas insanlardan biri kimi həmişə yaddaşlarda qalacaq. Onun sözlərinə görə, Azərbaycan tarixən çox konfensiyalı ərazi olub: "Konfensiyalar müxətlif ölkələrdə çətinliklərlə üzləşdikləri halda Azərbaycanda rahat şəkildə yaşaya biliblər. Azərbaycan hər zaman konfensiyalara qucaq açaraq onların rahatlığına imkan yaradılan məkan olub. Heydər Əliyev milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinin qorunmasına, tolerantlığa hər zaman üstünlük verib”.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmalar arasında ənənəvi olaraq təşkil etdiyi “Heydər Əliyev siyasəti və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi