Yuxarı
    Bağlamaq

    ​Hacı Şahin Həsənli: “Bəziləri Həccə şan-şöhrət üçün gedir” - MÜSAHİBƏ

    “Həcc təşkilatçılığının Türkiyəyə verilməsi Səudiyyə Ərəbistanına başucalığı gətirməz”

    Bakı. 7 oktyabr. REPORT.AZ/ İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, Həcc ziyarətindən yenicə qayıtmış Hacı Şahin Həsənlinin "Report"a müsahibəsi

    "Həccə gedən insan anlamalıdır ki, başqalarına biganə olanın öz ibadətləri də qəbul olunmur"

    - Şahin bəy, İslamda Həcc ziyarətinin mənası nədir və dəfələrlə getməyin vacib olduğu buyrulubmu?

    - Həcc ziyarəti İslamda vacib buyrulmuş əməllərdəndir. Maddi imkanı və sağlamlığı buna yol verən hər bir insanın ömründə bir dəfə Həccə getməsi vacibdir. Həcc vacib göstərişlərdən olduğundan, onu bilərəkdən tərk edən insan günah işləmiş olur. Həccə gedəcək insanın evində ailəsi də yoxluq çəkməməlidir. Bu da şərtlərdən biridir.

    Həccə dəfələrlə də getmək olar. Sadəcə olaraq, bu, vacib deyil. Bəzən insanın Həccə getmək yerinə başqa xeyirxah işlər görə biləcəyi müzakirə olunur. Dəyərləri bir-birinə qarşı qoymaq düzgün deyil. Xeyriyyəçiliyi təbliğ etmək istəyiriksə, bunu Həccə qarşı qoymamalıyıq. Həcc ayini xeyriyyəçiliyə mane olmur. İnsanlar il ərzində müxtəlif səfərlərə gedə bilərlər. Bəzi insanlar xarici ölkələrdə dincəlir. Təəssüf edirəm ki, yalnız Həcc ziyarəti zamanı ziyarətin yerinə xeyirxah iş görmək məsələsi gündəmə gətirilir.

    Həccə gedən insan paralel olaraq da xeyirxah işlər görə bilər və görməlidir. Həcc ziyarətindən qayıtmış hər bir insan çalışmalıdır ki, yaxınlarına, qonşularına əl tutsun. Bu, dinimizin göstərişidir.

    Əslində, Həccə gedənin niyyəti Allah rizası üçün olmalıdır. Həm də Həcc insana həmdərdlilik aşılayır və ictimai ibadətdir. Həccə gedən başqa insanların məsuliyyətini üzərində hiss etməlidir. Fərdi yanaşsaq, Həcc Allah qarşısında bəndəliyin, təvazökarlığın ifadəsidir. Məlumdur ki, Həcc ziyarətində hamı eyni paltarda olur. Bu, əslində, insanın Allah yolunda bütün ictimai rütbələrdən imtina etməsidir. Orada insanlar bərabər şəkildə ibadət edirlər. Bu hal insanda təvazökarlıq xüsusiyyəti yaradır. İnsana Allah bəndəsi olduğunu xatırladır. Eyni zamanda, Həcc fürsət yaradır ki, müsəlman xalqlar bir-biri ilə təmasda olsunlar, dərdlərini bölüşsünlər.

    Dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı bizim başqa ölkələrdən gələn zəvvarlarla müzakirələrimiz olub. Onlardan bəziləri problem barəsində məlumatsız olurlar. Bu mənada Həcc həm də başqa ölkələrdə olan müəyyən problemlər haqqında məlumat əldə etmək üçün fürsətdir. Həccə gedən insan anlamalıdır ki, başqalarına biganə olan insanın öz ibadətləri də qəbul olunmur.

    "Hacı adı başqalarının yanında öyünmək üçün deyil"

    - Həccin savabını daha necə qazanmaq olar?

    - Əgər vacib Həcdən sonra təkrar Həccə getmək insanın təhsilinə mane olacaqsa, yaxud ailəsi ilə bağlı hər hansı problem yaradacaqsa, Həcc təxirə salına bilər. Əgər insan gedə bilmirsə, xeyirxah işlər görməklə burada da Həccin savabını qazana billər.

    - Həccə gedən insanın daxili dünyasında dəyişikliklər olmursa, ziyarət məqbul sayılırmı?

    - Hədislərimizdə qeyd olunur ki, Həcc ziyarətində insanın günahları bağışlanır. Göstərilir ki, insanlar Həccə getdikdə onların qəlbində nur yaranır. Birinci günah edənə qədər o nur onunla olur. İlk günahdan sonra nur onu tərk edir. Həccə gedən insan məsuliyyətini düşünməlidir. Çünki hacı adı başqalarının yanında öyünmək üçün deyil, Allahın rizasını qazanmaq üçündür. Təəssüf ki, bəziləri Həccə şan-şöhrət üçün gedir, hacı adından sui-istifadə edir. İnanclı insana yaraşmayan hərəkətlər edirlər. Təəssüf ki, belə hallar dəyərlərin və Həccin özünü sual altına alır. Hər hansı bir hacının pis əməlinə görə də bütün zəvvarları tənqid və ya təhqir etməməliyik. Hacılar da bilməlidir ki, Həcc imtiyaz deyil. Onlar digərlərindən hörmət gözləntisində olmamalıdır. Bəziləri Həccə gedir ki, məclisdə yuxarı başda otursun. Allah Evini ziyarət edənlərə onsuz da ehtiram göstərilir. Amma bundan su-isifadə edilməməli və hacı adına yaraşmayan əməllərə yol verilməməlidir.

    - Ziyarət sırasında zəvvarlar arasında məlumatsızlıqdan doğan problemlər yaşanırmı?

    - 10 ildən artıqdır ki, qrup rəhbəri olaraq Həcc ziyarətinə gedirəm. Orada səmimi şəkildə Həcc ziyarətini yerinə yetirənlərin şahidi oluruq. İlbəil Həccə gedən gənclərin sayı çoxalır. Onlar ayinləri tam dəqiqliklə icra edirlər. Başqa zəvvarlara təmənnasız şəkildə xidmət də edirlər. Təəssüf ki, zəvvarların içində elələri var ki, ad üçün gəlir. Həccin əməllərini doğru icra etmir. Gəldikdən sonra da dinin hökmlərinə zidd olan addımlar atır. İslam dini elmə və təfəkkürə çox böyük önəm verir. Hər hansı bir əməlin qəbul olunmasının şərti o əməli düşüncə ilə icra etməkdir. İnsan hara getdiyini və nə etdiyini bilməlidir. Həcc böyük bir ibadət olmaqla yanaşı, həm də rəmzi ayinləri çoxdur. Bəziləri soruşur ki, insanın sütuna daş atmasının, yəni şeytanı daşlamasının nə anlamı var? Qurban kəsməyin nə mənası var? Orada olan bütün ayinlər insanın daxili ilə bağlıdır. İnsan öz nəfsinə qarşı mübarizə aparır. Qurban kəsilməsi nəfsin Allah yolunda fəda esilməsidir. İnsanın öz meyillərindən Allah yolunda keçməsidir. Bəzi zəvvarlar Həccə getməzdən öncə təşkil olunan kurslarda iştirak edirlər, Həcc ayinlərinin fəlsəfəsinin dərinliyini anlayırlar. Dediyim kimi, xəbərsiz şəkildə gedənlər də var. Hətta ibtidai ibadətləri yerinə yetirə bilmir. Təbii ki, belə insanların əməllərində də nöqsanlar çox olur. Son illər artıq məlumatlı, Həcc ayinlərini anlayan, bütün mənasını başa düşən və dəqiq icra edən insanlar kifayət qədər çoxalıb.

    - İbadətin başqa birinə həvalə edilməsinə nə zaman imkan verilir?

    - Bəzi insanlar Həccin ayinlərinin bir neçəsini edə bilmirlər. Şəriətdə naib tutmaq məsələsi var. Həccin hansısa ayinini icra edə bilməyən insan öz yerinə naib tuta bilər. Çox yaşlı insanlar şeytanı daşlamaq adına rəmzi sütunlara daş vurma prosesinə qatıla bilmir ki, gənclər onların əvəzinə bunu edirlər. İnsanın nə qədər gücü çatırsa, ayinləri özü etməlidir. Sadəcə, bəzi əməllərə gücü çatmırsa, kimdənsə xahiş edə bilər. Üzürlü səbəbdən olarsa, bu hal qəbul edilir.

    "Həcc zamanı ölümlərə məmurların yolu bağlaması səbəb oldu"

    - Bu il Həcc ziyarəti zamanı baş verən kütləvi ölümlər, qəza problemi ilə bağlı fikirləriniz necədir?

    - Biz orada xüsusi izdihamın şahidi olmadıq. Hər il insanlar rahat şəkildə şeytanı daşlama ayinini yerinə yetirirdilər. Bu il problemlər təşkilatçılıq işinin zəif olmasından, səriştəsizlikdən qaynaqlandı. Süni şəkildə izdiham yaradıldı. Yollar boş olduğu halda, izdihamın qarşısı alındı və sıxlıq yarandı. Ona görə də bəzi dövlətlər Səudiyyə Ərəbistanından narazılıq etdilər. Gələcəkdə Həcc ziyarətinin müştərək komissiya tərəfindən təşkil edilməsi təklifini irəli sürən dövlətlər də oldu. Türkiyə, İran, İndoneziya, Pakistan, Nigeriya və digər dövlətlərin rəsmiləri tərəfindən etirazlar səsləndirildi. Zəvvarlarda heç bir günah görmürəm. Onlar öz qaydası ilə ziyarəti həyata keçirirdi. Hansı məqsədlə olduğunu bilmirəm, amma məmurlar tərəfindən yolun qarşısı alındı və izdiham bir saata yaxın günün altında qaldı. Paralel küçələr boş olduğu halda, o cür isti havada küçənin bağlanması səriştəsizliyin göstəricisi idi. O cür isti havada izdihamın içində qalmaq böyük bir faciəyə gətirdi. Bəziləri istidən, susuzluqdan, günvurmadan dünyasını dəyişdi. Durduğu yerdə insanlar sıxlıq yaratmaz. Biz də həmin yolla hərəkət etmişdik. Kütlə çox sakit şəkildə yoluna davam edir və ayini yerinə yetirməyə gedirdi.

    - Bəzi dövlətlər tərəfindən ölənlərin sayının çox olduğu iddia olundu. Siz nə deyə bilərsiniz?

    - Konkret rəqəm açıqlanmır. Bəzi dövlətlər itki verən dövlətlərin nümayəndələrinin iştirakı ilə istintaqın keçirilməsini tələb edirlər. Yəqin ki, istintaq aparılarsa, dəqiq səbəblər bəlli olar və dünyasını dəyişənlərin sayı haqqında söz demək olar. Görünən bu idi ki, orada çox sayda insan həyatını itirdi. Hətta minlərlə insanın öldüyü qeyd olunurdu. Bəzi şahid olan insanlarla danışırdıq və onlar ölülərin sayının həddən artıq çox olduğunu qeyd edirdi. Təbii ki, müşahidələr əsasında dəqiq rəqəm söyləmək mümkün deyil.

    - Azərbaycanlı zəvvarlar da bir sıra problemlər yaşadılar...

    - Ümumiyyətlə, bu il hacılar bir sıra başqa problemlərlə də qarşılaşdılar. Zəvvarların müəyyən məkandan daşınması zamanı avtobusların ləngiməsi problemi var idi. İnsanlar piyada yol getməyə məcbur olurdu. Bəzi yerlərdə zəvvarlar su ilə təmin edilmirdi. Kranın aşması ilə bağlı qəza baş verdi. Səbəb göstərmək çətindir, amma əvəllki illərdə belə problemlər yaşanmırdı.

    Azərbaycan zəvvarlarının da hətta günlərlə Ciddə hava limanında ləngiməsi Səudiyyə Ərəbistanına məxsus aviaşirkətin məsuliyyətsizliyindən oldu. Müqaviləyə əsasən, onlar zəvvarları daşımalıydılar. Bağlanan müqaviləyə əməl olunmadı, zəvvarlar ləngidilər. Hətta həmin aviaşirkət bir sıra qrupları otellərlə təmin etməyə məcbur oldu. Bildiyimə görə, kral tərəfindən növbəti Həcc mərasiminin fərqli sistemlə idarə olunacağı ilə bağlı fikir səsləndirilib. Həcc ziyarəti prosesinə məsul olan bir sıra şəxslər vəzifələrindən azad edildi.

    - Türkiyə rəsmisi Həcc ziyarətinin təşkilatçılıq işlərinin onlara verilməsi təklifi ilə çıxış etdi. Sizcə, bu mümkündürmü?

    - Təşkilatçılığın Türkiyəyə veriləcəyini real görmürəm. Çünki hansısa bir dövlətin ərazisində böyük bir tədbirin keçirilməsi başqa bir dövlətə həvalə oluna bilməz. Buna Səudiyyə Ərəbistanı razılaşmaz. Bu hal hər hansı dövlətə başucalığı gətirməz. Amma müştərək komissiyanın yaradılması fikri normal qarşılanmalıdır. Bəzi dövlətlər təşkilaçılığın İslam Əməkdaşlığı Təşkilatına həvalə olunmasını tövsiyə etdi. Yəqin ki, növbəti Həcc mərasiminə qədər müəyyən müzakirələr və nəticələr olacaq.

    - Məkkədə kəsilən qurbanların basdırılması ilə bağlı iddialar nə dərəcədə gerçəkdir?

    - Təqribən 1997-ci ildə mən orada elə bir mənzərə ilə qarşılaşmışdım. Amma hazırda elə bir şey yoxdur. Kəsilən heyvanlar konteynerlərlə daşınır və ehtiyacı olan müsəlmanlara göndərilir. Heyvanların basdırılması halı demək olar ki, yoxdur. Ola bilsin ki, mövcud görüntülər 1990-cı illərdən qalanlardır.

    - Sizcə, azərbaycanlı zəvvarların daha ciddi şəkildə müayinələrdən keçirilməsinə ehtiyac varmı?

    - Zəvvarlar sağlamlıq haqqında arayış alırlar. Amma bəzi hallarda yaşlı insanlar günvurmadan dünyasını dəyişir, yaxud ürəktutmaları olur. Hər şeyi proqnozlaşdırmaq mümkün deyil. Dünyasını dəyişənlər əsasən yaşlı isanlar idi. Bu il havanın temperaturu çox yüksək idi. Biz özümüz də indiyə qədər orada bu qədər istinin şahidi olmamışıq. Ona görə də zəif və yaşlı insanlar tab gətirə bilmirdi. Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin tərkibində həkim briqadası da iştirak edirdi. Təcili tibbi yardım da göstərilirdi. Bu insanlar çox ciddi problemləri olduqlarına görə xəstəxanya yerləşdirildi və təəssüf ki, dünyalarını dəyişdilər.

    Şəkərli diabet, təzyiq xəstələri Həccə gedə bilər. Əgər xəstəlik insanı ciddi narahat edirsə, şəriət bu halı üzrlü sayır. Hər halda həkimlərlə məsləhətləşmək olar ki, hansı xəstəlikləri olan insanlar o şəraitə dözə bilməyəcək. Bəzi xəstəliklər orada problem yaratmasa da, təzyiqin yüksək olması isti havada problem yaradır. Bu, həkimlərin ixtiyarında olan məsələdir.

    - Türkiyədə ziyarətə gedəcək zəvvarlara iflic, menengit kimi xəstəliklərə qarşı peyvənd vurulur. Azərbaycanlı zəvvarlar peyvənd olunurmu?

    - Yoluxucu xəstəliklər olan zaman peyvəndlər edilirdi. Bu il insanlar məcburi yox, özləri peyvənd vurdura bilərdilər. Yaxşı olar ki, zəvvarlar özləri getməzdən əvvəl həkimlə məsləhətləşsinlər. Düşünürəm ki, onların immuniteti yüksəldən, müəyyən xəstəliklərin qarşısını alan dərman preparatları qəbul etmələri məqsədəuyğundur.

    - Şahin bəy, dünya müsəlmanlarının "İraq-Şam İslam Dövləti" (İŞİD) ilə bağlı fikirləri necədir?

    - İŞİD-in İslam dini ilə birmənalı olaraq heç bir əlaqəsi yoxdur. Böyük dövlətlərin dəstəyi ilə yaranmış və onların Yaxın Şərqlə bağlı planlarını icra edən cərəyandır. Müsəlmanlar arasında parçalanmanı qarşısına məqsəd qoyub. Cərəyanın əsasını təşkil edən təfkirçilik fərqli düşünən insanı dindən çıxmış hesab etməkdir. Təsəvvür edin ki, insanları küçədə saxlayır və əqidəsini təftiş edir. Zövqlərinə uyğun deyilsə, küçədə başlarını kəsirlər. Belə bir cərəyan hər hansı bir dinə aid ola bilməz. Həcc ziyarəti çərçivəsində Türkiyə və digər ölkələrdən gələn müsəlmanlarla mütəmadi olaraq söhbətlərimiz oldu. Ortaq mövqe odur ki, İŞİD-in nə sünni, nə də şiə məzhəbinə dəxli yoxdur. İslamda əsas iki məzhəb var. Mən məzhəb fərqini normal qəbul edirəm. Çünki insanların dinə fərli yanaşmaq haqları var. İnsanların sayı qədər müxtəlif yanaşmalar ola bilər. Müsəlman ümməti arasında belə bir problem yaşanmamalıdır. Sadəcə olaraq, bu cərəyanları ortaya atan böyük dövlətlər var ki, İslam ümmətini parçalamaq üçün istifadə edirlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu məsələ ilə bağlı müsəlmanların mövqeyi ortaqdır. Hər hansı bir terrorçu qruplaşmanın dinə mənsub bilmək dindən məlumatsızlığın nəticəsidir. Bəziləri İslamı qara rəngdə, qorxunc simada göstərməyə cəhd göstərir ki, bu cərəyanlar onlara lazımdır. İslamın aktuallığı artır. Dünyada, Qərb dövlətlərində maraq artır. İnsanların gözünü qorxutmaq üçün bəzi dairələr belə cərəyanları maliyyələşdirir. Yaxud da hansısa dövlətləri parçalamaq, daxili işlərinə qarışmaq üçün onlardan istifadə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi