Dövlət Komitəsinin sədri Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Komitəsinin sədri Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb Qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
Din
10 Yanvar , 2017 16:50
Dövlət Komitəsinin sədri Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı 10 yanvar. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, M.Qurbanlı iki ölkə arasında tarixi münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən regionda ən böyük sinaqoqun inşası Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir. “Multikulturalizm ili” çərçivəsində ölkədə həyata keçirilən tədbirlərdən danışan komitə sədri Azərbaycanın ənənəvi multikultural və tolerant dəyərlərə malik ölkə olduğunu, burada tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşadığını xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara dövlət tərəfindən diqqət və qayğı göstərilir, müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmaların fəaliyyətinin və dini maarifçilik işinin genişləndirilməsi üçün dövlət tərəfindən maliyyə yardımı ayrılır: "Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində cəmiyyətimizdə daha da inkişaf edən multikultural və tolerantlıq ənənələri dünyada örnəyə çevrilib. Hazırda ölkə ərazisində məscidlərlə yanaşı, 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir".

Komitə sədri deyib ki, Azərbaycan bölgədə müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür: "Eyni zamanda, İslam ölkələri arasıda qarşılıqlı əlaqələrin genişlənməsi üçün ölkəmiz mühüm addımlar atır və təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam həmrəyliyi ili” elan edib".

Səfir Dan İanku Azərbaycanda multikultural və tolerant mühitin şahidi olduğunu deyib. Azərbaycanda tolerantlıq ənənələrinin böyük tarixi olduğunu qeyd edən D.İanku Roma Papası Fransiskin, İsrailin baş naziri Benyamin Netanyahunun səfərini Azərbaycanda tolerantlığa, müxtəlifliyə, harmoniyaya ehtiramın əməli ifadəsi kimi dəyərləndirib. Diplomat dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda Azərbaycanda vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsasının qoyulduğunu xüsusilə vurğulayıb.

M.Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək erməni vandalizmi nəticəsində yüzlərlə tarixi-dini abidənin məhv edildiyini səfirin diqqətinə çatdırıb və komitənin nəşr etdirdiyi kitabları səfirə hədiyyə edib.

Görüş zamanı hər iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi