Bakı 16 yanvar. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Saini qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlər müzakirə olunub.
M.Qurbanlı Azərbaycanda olan dövlət-din münasibətləri, konstitusiyada təsbit edilən vicdan azadlığı, ölkədə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.
Dövlət Komitəsinin sədri Cənubi Qafqazın ən qədim məscid kompleksi olan Şamaxı Cümə məscidinin 743-cü ildə məhz Azərbaycanda inşa edildiyini diqqətə çatdırıb. Ölkədə məscidlərlə yanaşı kilsə və sinaqoqların da inşa edildiyini vurğulayan M.Qurbanlı Azərbaycanda bütün dini konfessiya nümayəndələrinin əsrlərdir sülh və qardaşlıq şəraitində yaşadığını bildirib. O, Azərbaycanda dini konfessiyaların qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirdiklərini və müsəlman dini icmalarla yanaşı, qeyri-islam dini icmalarına da dövlətimiz tərəfindən mütəmadi maliyyə yardımı göstərildiyini deyib.
Səfir Yusif bin Həsən əl-Saini Azərbaycan xalqının milli-mənəvi, dini dəyərlərinə sadiq olduğunu, ölkədə hökm sürən tolerant və multikultural mühitdən məmnunluğunu bildirib. Azərbaycan və Qətər arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Qətər və Azərbaycanın dost ölkələr olduğunu və əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir münasibətlərin daha da dərinləşdiyini vurğulayıb.
Diplomat Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini İslam ölkələri arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə olacağına əminliyini vurğulayıb, “İslam Həmrəyliyi İli” və IV İslam Oyunları çərçivəsində həyata keçiriləcək tədbirlərə Qətər Fondunun da daim dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.