Yuxarı

Dövlət ​Komitəsi sədrinin birinci müavini: "Vəhdət namazı Azərbaycanın bütün məscidlərində qılınmalıdır"

Səyyad Salahlı: Vəhdət namazı qılmağı bütün dindarlara tövsiyə edirik

Bakı. 10 fevral. REPORT.AZ/ "Biz hesab edirik ki, vəhdət namazı Azərbaycanın bütün məscidlərində qılına bilər və qılınmalıdır".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı (Aran) deyib.

O vurğulayıb ki, Azərbaycan dindarları arasında bölünməli olan heç nə yoxdur: "İstər sünni olsun, istərsə də şiə Allahı, peyğəmbəri, kitabı, sünnəsi birdir. Ortada elə də ciddi fərqlər yoxdur. Biz vəhdət namazlarının sayəsində Azərbaycanda multikultural və tolerant mühiti daha da inkişaf etdirə bilərik. Vəhdət namazı qılmağı bütün dindarlara tövsiyə edirik. Dindarlarımızın bizi başa düşəcəyinə ümid edirik. Bu istiqamətdə Azərbaycan dindarlarının arasına təfriqə salmaq, qarşıdurma yaratmaq istəyən bədxah niyyətli insanlar və qüvvələr öz istəklərinə çatmayacaqlar. Ümumiyyətlə, xaricdəki bir sıra qruplar, Azərbaycanı istəməyən qüvvələr nəyin bahasına olursa-olsun, ölkəmizdə qarşıdurma yaratmaq, vətəndaş itaətsizliyinə gətirib çıxaran hərəkətləri qızışdırmaq istəyirlər. Təbii ki, bizim dindarlarımız buna yol verməməlidirlər".

S.Salahlı bildirib ki, Şamaxı məscidində əvvəllər bir neçə dəfə vəhdət namazı qılınıb.

O qeyd edib ki, ölkənin digər rayonlarında da vəhdət namazlarının qılınmasını təşkil etmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi