Yuxarı

Dövlət Komitəsi QMİ-dən fərqli Ramazan təqvimləri hazırlayanlara xəbərdarlıq edib

Dini ayinləri QMİ-nin rəsmi təqviminə uyğun icra etməyən icmalar və din xadimləri barəsində hüquqi müstəvidə ciddi ölçü götürüləcək

Bakı. 6 iyun. REPORT.AZ/ "Azərbaycanda dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulub, qarşılıqlı əlaqələr qanun çərçivəsində inkişaf etdirilir, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri mövcuddur. Lakin zaman-zaman dindən müəyyən maraqlar üçün istifadə edən bəzi qruplar ölkədəki ənənəvi dini dəyərlərlə uyğunluq təşkil etməyən, dindarlar arasında fikir ayrılığı yaradaraq vəhdət və həmrəyliyə xələl gətirən addımlar atmaqla öz məkrli məqsədlərinə nail olmaq istəyirlər". "Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov son günlər müzakirə mövzusu olan müxtəlif "dini təqvim"lərlə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, xüsusilə ölkə əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtlarda ictimai sabitliyi pozmaq üçün bəhanə arayan belə qruplar aktivləşirlər: "Bu baxımdan qarşıdan gələn Ramazan ayında müxtəlif "dini təqvim"lər hazırlayaraq dindarlar arasında yayanlar çaşqınlıq yaratmaq məqsədi güdürlər. Ölkə əhalisinin 96%-ni müsəlmanlar təşkil edən Azərbaycanda bütün İslam icmaları dini mərkəz kimi Qafqaz Müsəlmanları İdarəsində birləşiblər. Ona görə də mərkəzləri və havadarları xaricdə yerləşən bəzi müsəlman dini qrupların bu və ya digər şəkildə Azərbaycan vətəndaşlarına dini-ideoloji konteksdə müdaxilə etmələri qəbuledilməzdir".

Ə.Zülfüqarov bildirib ki, hər il olduğu kimi, Ramazan ayı öncəsi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-dini Şurası ölkə ərazisində Ramazan ayının başlanması və bayram günlərinin vaxtı ilə əlaqədar fətva verib, ay boyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı xüsusi təqvim hazırlayıb: "Məhz bu təqvim Azərbaycan ərazisi üçün dəqiq hesablanıb. Belə ki, həmin təqvim Qafqaz Müsəlmanları İdarəsi ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun tərtib edilir. Ölkə müsəlmanları ay boyunca bu cədvələ riayət etməlidirlər. Lakin təəssüf ki, vətəndaşlarımız arasında müxtəlif müsəlman ölkələrində hazırlanan təqvimlərə etibar edənlər də var". 

O qeyd edib ki, "xarici təqvimlər"də çox vaxt qeyri-dəqiqlik və yerli vaxtla uyğunsuzluq olduğundan Azərbaycanın dindar vətəndaşları arasında çaşqınlıq yaranır, nəticədə bir sıra xoşagəlməz söz-söhbətlər baş qaldırır: "Hətta bəzi dindarlar Ramazan bayramını Qafqaz Müsəlmanları İdarəsinin təklifi əsasında dövlətin rəsmi təyin etdiyi gün yox, bu və ya digər təqvimlərə uyğun keçirirlər ki, bu da ölkədəki müsəlmanlar arasında birliyə, həmrəyliyə ciddi zərbə vurur.

Dindarlarımız yaxşı bilirlər ki, Ramazan ayının xüsusiyyəti və ümumiyyətlə, müsəlman ümmətinin ən üstün keyfiyyəti elliklə, vəhdət içində icra edilən ayinlərin dərəcəsinin Uca Yaradanın dərgahında daha fəzilətli olmasıdır. Deməli, müsəlmanların parçalanması, xüsusilə on bir ayın sultanı olan Ramazanda belə halların baş verməsi təkcə təəssüf doğurmur, elə şəri baxımdan da günah sayılır. Ona görə də bir daha vurğulayırıq ki, vətəndaşlarımız Qafqaz Müsəlmanları İdarəsi ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının birlikdə hazırladığı öz təqvimimizdən istifadə etsinlər, mənbəyi məlum olmayan təqvimlərdən uzaq olsunlar. Çünki bu həssas məsələ təkcə dini deyil, elə vahid cəmiyyət kimi milli vəhdətimizin və həmrəyliyimizin vacib təzahürüdür",.

Eyni zamanda, şöbə müdiri yalan təqvim yayanlara xəbərdarlıq da edib: "Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqvimindən başqa, müxtəlif "dini təqvim"lər çap edərək yayanlar qanunla məsuliyyətə cəlb oluna bilərlər. Dövlət Komitəsinin müvafiq şöbələri Ramazan ayı boyunca dini ibadət yerlərində müvafiq monitorinqlər aparacaq, dini ayinləri Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqviminə uyğun icra etməyən icmalar və din xadimləri barəsində hüquqi müstəvidə ciddi ölçü götürüləcək. Bütün müsəlmanlar üçün birlik və qardaşlıq rəmzi sayılan Müqəddəs Ramazan ayında nifaq və təfriqə halları ilə üzləşməmək üçün vahid rəsmi təqvimdən istifadə məsələsində dindarlarımızın daha həssas davranmalarını, neqativ hallarla üzləşdikləri təqdirdə dərhal məlumat vermələrini xahiş edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi