Yuxarı

Dövlət Komitəsi ölkədə QMİ-nin Ramazan təqviminə əməl olunmasına nəzarət edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazan ayı ilə bağlı tədbirlər planı hazırlanaraq təsdiq olunub

Bakı. 17 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Ramazan ayının başlaması ilə əlaqədar müşavirə keçirilib. Komitənin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, müşavirədə DQİDK-nın rəhbərliyi, eləcə də Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazan ayı ilə bağlı tədbirlər planı hazırlanaraq təsdiq edilib. Müşavirədə bununla əlaqədar Dini Komitənin regional şöbələrinin üzərinə düşən vəzifələr müzakirə olunub. M.Qurbanlı Ramazan ayında Dövlət Komitəsinin şöbələrinin yerlərdə ayrı-ayrı məsələlərlə əlaqədar iş fəaliyyətini daha da gücləndirməli olduğunu deyib: "Regional şöbələr Ramazan ayı ərzində faktiki gücləndirilmiş iş şəraitində fəaliyyət göstərməli və bölgələrdə monitorinqlər təşkil etməlidirlər".

M.Qurbanlı bu müddətdə Dövlət Komitəsi üçün ölkədəki dini əhval – ruhiyyəni daha dərindən öyrənmək imkanının yarandığını söyləyib. Komitə sədri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinə nəzarətin də Dövlət Komitəsinin və onun şöbələrinin üzərinə düşdüyünü deyib. Buna görə də regional şöbələrin əməkdaşları tərəfindən yerlərdə monitorinqlər keçiriləcək.

Dini maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayan M.Qurbanlı Ramazan ayında regional şöbələrin maarifləndirmə işində daha aktiv fəaliyyət göstərmələrinin vacib olduğunu bildirib. Komitə sədri Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq dini icmalara verilən maliyyə vəsaitinin dini maarifləndirmə işinə düzgün sərf edilməsi ilə bağlı şöbələrin rəhbərlərinə tövsiyələrini verib. O, bu cür tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu bildirib.

Müşavirənin sonunda Dövlət Komitəsinin şöbələrinin ikinci yarımil üçün tədbirlər planı təsdiq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi