Yuxarı
    Bağlamaq

    Dövlət Komitəsi dini icmaların layihələrini maliyyələşdirib

    Bakı. 18 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib. 

    Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbirdə qurumun sədri, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

    Prezident cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncamın əhəmiyyətinə toxunan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı həmin sənədin milli-mənəvi və dini dəyərlərimizə dövlət qayğısının bariz nümunəsi olduğunu bildirib. Ayrılan maliyyə vəsaitinin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf edildiyini diqqətə çatdırıb.

    Komitə sədri qeyd edib ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə və xurafatla mübarizədə öz müsbət təsirini göstərməkdədir.

    Eyni zamanda dini icma sədrlərinə layihələrin icrası zamanı İslam dini və mədəniyyətinin təbliğinə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına xüsusi diqqət yetirmələri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmələri tövsiyə olunub.

    Layihələri maliyyələşdirilən Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik”, Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icması “Azərbaycanda İslam Həmrəyliyi: dünən və bu gün”, Şirvan şəhəri ''Zeynalabidin'' məscidi dini icması “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti ”, Saatlı rayonu Şirinbəy kənd məscidi dini icması “İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği”, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi “Heydər Cümə” məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan modeli” mövzularında maarifləndirmə tədbirləri keçirəcəklər.

    Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev icmalara ayrılan maliyyə vəsaitinin dini maarifləndirmə işinə və gənclər arasında düzgün təbliğatın aparılmasına müsbət təsir göstərəcəyini vurğulayıb. O qeyd edib ki, dindarlar dövlət başçısının bununla bağlı Sərəncamını tarixi hadisə hesab edir və öz minnətdarlıqlarını bildirirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi