Yuxarı

Dövlət Komitəsi bəzi mübahisəli kitabların yayımına icazə verilməsi barədə fikirlərə münasibət bildirib

Dövlət Komitəsi bəzi mübahisəli kitabların yayımına icazə verilməsi barədə fikirlərə münasibət bildirib
“Dövlət dinə, şəriət məsələlərinə qarışmır”
© Report

Bakı. 21 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) son günlər sosial şəbəkələrdə müzakirə olunan və “Müsəlman qalası” adlı kitabın yayımına DQİDK tərəfindən icazə verilməsi barədə səsləndirilən fikirlərə münasibət bildirib. 

Dövlət Komitəsinin Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu gün dini mağazalarda satılan dua kitablarının, demək olar ki, hamısı vaxtı ilə çap edilən kitablardır: “Hətta onların bəziləri ötən əsrin 90-cı illərində nəşr edilərək yayılıb. Son 10 ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu qəbildən olan yeni heç bir kitaba icazə verməyib. Sadəcə, vaxtı ilə çapına və xaricdə çap edilərək ölkəyə gətirilməsinə icazə verilmiş kitabların yenidən nəşrinə etiraz edilməyib. Çünki vaxtı ilə müsbət rəy verilmiş və çap edilmiş kitabları sonradan qadağan etmək hüquqi nöqteyi-nəzərdən çox çətin və mürəkkəb məsələdir. Lakin həmin kitabları çap etdirənlərlə aparılmış söhbətlər nəticəsində onların bir qisminin təkrar nəşri reallaşmayıb”.

Komitə sorğunun cavabında onu da vurğulayıb ki, kimlərinsə xurafat hesab etdiyi məsələlər başqasının inancıdırsa və orada qanunvericiliyə zidd nəsə yoxdursa, icazə verilməlidir: “Çünki dinşünaslıq ekspertizası şəriətə görə yox, hüquqi meyarlara əsasən, aparılır. Dinşünaslıq ekspertizası zamanı, bir qayda olaraq, ekspertin qarşısında “Təqdim edilən ədəbiyyatda dini nifrət və düşmənçiliyə rəvac verəcək fikirlər varmı?”, “Dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər mövcuddurmu?”, “Ölkədəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək fikirlərə yer verilibmi?” sualları qoyulur. Bu suallardan da göründüyü kimi, dini təyinatlı ədəbiyyatın ekspertizasında əsas məsələ və qarşıya qoyulan məqsəd onun dinə, şəriətə uyğun olub-olmadığını müəyyən etmək deyil, hansı mövqedən yazılmasını və cəmiyyətə, ölkədəki mövcud dini duruma, dinlər və məzhəblərarası münasibətlərə necə təsir göstərməsini müəyyənləşdirməkdir. Çünki dövlət dinə, şəriət məsələlərinə qarışmır və hansı fikrin şəriətə uyğun olub-olmamasını müəyyənləşdirmək daha çox din xadimlərinin və alimlərin işidir”.

Qeyd edək ki, sosial şəbəkələrdə arxasında “dini təyinat”lı yazısı olan “Müsəlman qalası” adlı kitab birmənalı qarşılanmayıb. Kitabda yer alan “Babasil dua”sı, “Ürəyi gedənlər üçün dua”, “Ağcaqanadın insana toxunmaması üçün dua” başlıqlı yazılar müzakirə mövzusuna çevrilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi