Dinlə bağlı beynəlxalq konfransdan bəhs edən kitab işıq üzü görüb

Dinlə bağlı beynəlxalq konfransdan bəhs edən kitab işıq üzü görüb Tədbir ötən il Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində təşkil olunub
Din
27 Fevral , 2017 20:44
Dinlə bağlı beynəlxalq konfransdan bəhs edən kitab işıq üzü görüb

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın İspaniyadakı səfirliyi və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə ötən il noyabrın 8-10-da “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda keçirilmiş beynəlxalq konfransdan bəhs edən kitab nəşr edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İspaniyanın paytaxtı Madriddə keçirilən tədbir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində təşkil olunub. Konfransın əsas məqsədi dinlərarası dialoqun gücləndirilməsi, eləcə də müxtəlif din mənsublarının, fərqli xalqların nümayəndələrinin bir arada sülh içində yaşadıqları Azərbaycan nümunəsini İspaniya ictimaiyyətinə çatdırmaqdan ibarət olub. Eyni zamanda, “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda keçirilmiş beynəlxalq konfransın məqsədi bu dialoq vasitəsilə ümumi şüur və problemlərin birgə həllinin tapılması olub.

Konfransda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şeyxülislam Allahşükür Paşazadə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin İspaniyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və nümayəndələri, elm və din xadimləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

“Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı nəşrin girişində Prezident İlham Əliyevin və İspaniya kralı VI Felipenin multikulturalizm və birgəyaşayış ənənələri barədə fikirləri yer alıb.

Nəşrdə beynəlxalq konfransda Azərbaycanı təmsil edən şəxslər haqqında məlumat, Azərbaycan nümayəndə heyətinin İspaniya Senatında, İspaniyanın Təhsil, mədəniyyət və idman nazirliyində görüşü, Madriddə keçirilmiş “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfransda iştirak edən natiqlərin çıxışları, onlar haqqında məlumat, noyabrın 10-da Mursiya Katolik Universitetində təşkil edilən konfrans, keçirilən görüşlər və fotoşəkillər yer alıb.

Qeyd edək ki, nəşr beynəlxalq konfransın təşkilatçılarından biri olan “Evsen” şirkətlər qrupu tərəfindən hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi