Yuxarı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Müzakirə olunan məsələlərlə bağlı bölgə şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) bu gün ölkədəki mövcud dini duruma həsr olunan müşavirə keçirilib. Komitədən “Report”a verilən məlumata görə, müşavirədə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirəni açan DQİDK sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək, maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edib. 

Komitə sədri bildirib ki, dini radikalizmin yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verir: "Davamlı olaraq respublikanın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin Azərbaycanın tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür".

Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Məhərrəm ayının başlaması ilə əlaqədar Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalı, bütün mərasim və tədbirlər qanun çərçivəsində təşkil edilməlidir.

Müşavirədə bölgə şöbə müdirlərinin hesabatları dinlənilib, dini icmaların maarifləndirmə işlərinin davam etdirilməsi məqsədilə layihələrə cəlb edilməsi məsələləri müzakirə olunub.

Sonda müzakirə olunan məsələlərlə bağlı bölgə şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi