Yuxarı
    Bağlamaq

    Dağıstanda Xocalı soyqırımının qurbanları yad edilib

    Şeyxülislam Allahşükür Paşazadənin tapşırığı və dəstəyi ilə ehsan süfrəsi açılıb

    Bakı. 22 fevral. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Rusiya Federasiyasının Dağıstan Respublikasındakı nümayəndəliyi Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar tədbir keçirib.

    QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Dərbənddəki “Cümə” məscidində təşkil olunan anım mərasimində çıxış edən QMİ-nin Dağıstan və Şimali Qafqazdakı nümayəndəliyinin rəhbəri Hacı Şahubiddin Kərimov bildirib ki, tədbir şeyxülislam Allahşükür Paşazadənin tapşırığı və dəstəyi ilə reallaşıb.

    Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Dərbənddəki “Cümə” məscidinin axundu Hacı Seyidhaşım Mirtayıbov, məscidin axund müavini Məzahir Məmmədov, Dərbənd Rayon İmamlar Şurasının sədri Hacı Adil Qayıbov çıxış edərək Xocalı soyqırımı haqqında məlumat verib, faciə qurbanlarını anıblar. Bildirilib ki, ermənilərin 25 il əvvəl Xocalıda törətdiyi vəhşilik əsl soyqırımıdır.

    Dərbənd “Cümə” məscidinin dini ayinlərinin icraçısı Habil Nəsirov Azərbaycandakı din və konfessiya rəhbərlərinin Xocalı soyqırımının 25 illiyi ilə bağlı beynəlxalq təşkilatlara göndərdikləri müraciətin mətini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

    Mərasimdə Rusiya Federasiyası Dağıstan Respublikasının başçısının nümayəndəsi Tacəddin Sultanov, Şeyx Abdulla Əfəndi adına İslam Universitetinin rektoru Arif Səidov, Azərbaycan Dövlət Dərbənd Dram Teatrının direktoru Firdovsi Əsgərov, şəhər meriyasının əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Sonda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin adından ehsan verilib, Xocalı soyqırımının qurbanlarının ruhuna dualar oxunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi