Yuxarı

Dövlət Komitəsi: Dini icmalar üçün yaradılan şəraitdən sui-istifadə edənlərə göz yumulmayacaq

Niyaz Yaqublu: Tolerantlıq ənənələrini pozmağa cəhd edənlərə qarşı birlikdə mübarizə aparılacaqdır

Bakı. 22 avqust. REPORT.AZ/  İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu, ARM), Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində Azərbaycanda silsilə seminar-treninqləri davam etdirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Report-a verilən məlumta görə, "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusundakı seminar-treninqlər Azərbaycanın tolerantlıq və dözümlülük ənənələrinin tərənnümü, dini dözümsüzlük və radikallığa qarşı maarifləndirmə aparılması məqsədi ilə həyata keçirilir.

Növbəti treninq-seminar avqustun 22-də Oğuz şəhərində Oğuz, Şəki, Qəbələ rayonlarındakı müsəlman və digər dinləri təmsil edən dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirilib.

Tədbirdə DQİDK, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalıları iştirak edib.

Əvvəlcə “Azərbaycan - tolerantlıq məkanı” adlı video çarx nümayiş olunub.

Tədbirin açılışında çıxış edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov bildirib ki, bu gün dünyada dinlərarası, məzhəblərarası münasibətlərdə bir sıra ölkələrdə gərginlik artsa da Azərbaycanın tarixi ənənələri dinlərin, məzhəblərin dinc, yanaşı yaşamasına imkan verir.

DQİDK-nın Dini Qurumlarla İş şöbəsinin müdiri Niyaz Yaqublu çıxışında qeyd edib ki, bu gün dövlət dini icmalar üçün hər cür şərait yaradır: "Ancaq bu o demək deyil ki, bundan sui-istifadə edən qüvvələrə göz yumulacaq. Tolerantlıq ənənələrini pozmağa cəhd edənlərə qarşı birlikdə mübarizə aparılacaq. Bu işdə dini icmalar dövlətlə birgə çalışmalıdır".

Milli Toleranlıq Mərkəzinin direktoru Elmin Əliyev bildirib ki, silsilə treninqlər avqust-sentyabr ayları ərzində davam etdiriləcək.

Açılışdan sonra ayrı-ayrı panellərdə davam edən seminar treninqlərdə mövcud sahə üzrə ixtisaslaşmış ilahiyyatçı ekspertlərin məruzələri dinlənilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi