Yuxarı

Bu gün Aşuradır

Bu il Azərbaycanda qanvermə aksiyası ümumilikdə 14 məscid və ziyarətgahda keçiriləcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Hicri-qəməri təqvimi ilə 1436-cı il Məhərrəm ayının 10-cu günü – Aşura günüdür. “Report”un xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında deyilir ki, Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub.

Fətvada bildirilir ki, müsəlman ümmətinin tarixinə kədərli, lakin eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhvali-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

QMİ bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyib və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edib: “Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi olmaqla təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə xəsarət yetirməməlidirlər.

Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməlidirlər”.

Bu il Azərbaycanda qanvermə aksiyası ümumilikdə 14 məscid və ziyarətgahda keçiriləcək. Bunlar Yasamal rayonu “Təzə-pir” məscidi, Yasamal rayonu “Hacı Soltanəli” məscidi, Nəsimi rayonu "Əjdərbəy" məscidi, Səbail rayonu “Bibi-Heybət” məscidi, Səbail rayonu "İçərişəhər cümə məscid"i, Suraxanı rayonu "Qaraçuxur" məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu "Keşlə qəsəbə məscid"i, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri "Böyükbazar" məscidi və Bərdə şəhər “Cümə” məscididir.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi