​Binəqədidə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

​Binəqədidə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib "Gəncləri dini və mənəvi-əxlaqi dəyərlərə yad olan radikal təriqətlərin təsirindən qorumaq vacibdir"
Din
30 İyun , 2016 18:44
​Binəqədidə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi, Nizami və Xətai rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəalların iştirak etdikləri tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanda ictimai-siyasi sabitliyin və dünyaya örnək olan tolerantlıq mühitinin olduğunu vurğulayıb. O deyib ki, tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, hər bir azərbaycanlının həyat tərzinə çevrilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov diqqəti din pərdəsi altında aparılan münaqişələrə yönəldərək bu gün dünyada bəzi dairələr, qüvvələr tərəfindən din amilindən geosiyasi, geoiqtisadi maraqlar üçün istifadə edilməsini vurğulayıb. S.Heydərov dinin siyasiləşdirilməsinə cəhdlər olunduğunu və bunun nəticəsində minlərlə günahsız insanın öldürüldüyünü, yurd-yuvalarından didərgin düşdüyünü, aclıq və səfalətə sürükləndiyini vurğulayıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov, Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Qafqaz Müsəlmanları İdarəsinin Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Binəqədi qəsəbəsi "Came" məscidinin axundu Şabala Əliməmmədov fikirlərini bölüşüblər.

Natiqlər diqqətə çatdırıblar ki, vətəndaşları, xüsusilə də gəncləri dini və mənəvi-əxlaqi dəyərlərə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti cəmiyyətin üzərinə düşür. Bu mənada dini maarifçilik işinin düzgün metodlarla təşkilinə, gücləndirilməsinə və əhatə dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir. 

Son xəbərlər

Orphus sistemi