Yuxarı

Bakıdakı cəzaçəkmə müəssisəsində dini mövzuda tədbir keçirilib

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə baş tutub

Bakı. 15 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə 1 saylı cəzaçəkmə müəssisəsində "Dini radikalizm və onun fəsadları" mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi Rafiq Ramazanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov və Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov iştirak ediblər.

R.Ramazanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Penitensiar Xidmət arasında əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycanda hökm sürən tolerant və multikultural mühiti tədbir iştirakçılarının diqqətinə çatdıran R.Ramazanov cəzaçəkmə müəssisələrində məhkumların dini etiqad azadlığının tam təmin olunması və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məruzəsində Azərbaycanda milli-mənəvi dəyərlərə verilən önəmdən və dinimizə dövlət səviyyəsində olan qayğıdan söz açıb.

S.Heydərov təəssüflə bir çox müsəlman ölkələrində din pərdəsi altında baş verən hadisələrin fəsadlarına da diqqət çəkib. Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov dini ekstremizmin tarixi kökləri, onun yaranma səbəbləri və müasir durumu ilə bağlı çıxış edib. Dindən öz məqsədləri üçün istifadə edən qüvvələrin hansı metodlardan istifadə etdiyini sadalayıb. Dindən öz mənafeləri üçün istifadə edən bu qüvvələrin insanları inandırmaq üçün Quran ayələrinin əksəriyyətinin konteksdən çıxarılaraq izah edildiyini bildirib. Halbuki bu ayələrin mənaları və nazil olma səbəbləri tamamilə başqadır, hətta bəzi hallarda iddia edilənin tam əks mənasına gəlir. 

N.Məmmədov vurğulayıb ki, bu gün Suriyada və İraqda günahsız yerə öldürülən yüz minlərlə insan heç bir səbəb olmadan müəyyən maraqların qurbanına çevrilib. 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və Dövlət Komitəsinin nəşrləri olan müxtəlif ədəbiyyatlar hədiyyə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi