Yuxarı
    Bağlamaq

    Bakıdakı 1 və 15 saylı cəzaçəkmə müəssisələrində dini mövzuda maarifləndirici tədbirlər keçirilib

    Dövlət Komitəsinin nəşri olan kitablar məhkumlara hədiyyə edilib

    Bakı. 23 yanvar. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan Tədbirlər Planı çərçivəsində bu il keçirilməsi planlaşdırılan seminar-treninqlərə start verilib.

    Dövlət Komitəsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 1 və 15 saylı cəzaçəkmə müəssisələrində keçirilən maarifləndirici tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli iştirak ediblər.

    Müəssisənin tərbiyə işləri üzrə rəis müavinləri məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisədə yaradılan şərait barədə məlumat veriblər. Bildirilib ki, məhkumlar üçün müəssisədə məscidlərlə yanaşı, 15 saylı Cəzaçəkmə Müəssisəsində pravoslav xristianların mənəvi tələbatlarını həyata keçirmək üçün ibadət evi də fəaliyyət göstərir. Mütəmadi olaraq Rus Pravoslav kilsəsinin ruhaniləri müəssisəyə baş çəkir və dini ayinləri icra edirlər. Müəssisələrdə kitabxanaların da fəaliyyət göstərdiyi və məhkumların Dövlət Komitəsinin müvafiq razılığı ilə çap edilən dini ədəbiyyatlardan geniş istifadə etdikləri bildirilib.

    Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov məruzə ilə çıxış edərək Azərbaycan Prezidentinin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsini dövlətin xalqın milli-mənəvi dəyərlərinə verdiyi növbəti dəyər kimi qiymətləndirib və bu mövzuda cəzaçəkmə müəssisələrində də silsilə tədbirlərin keçiriləcəyini bildirib. 

    Şöbə müdiri İslam coğrafiyasında dini zəmində baş verən münaqişələr fonunda həmrəyliyin əhəmiyyətini məhkumların diqqətinə çatdırıb. 

    O bildirib ki, Azərbaycan özünəməxsus tolerantlığı, multikultural dəyərləri ilə dünyaya örnəkdir, bununla yanaşı, ölkə məzhəb fərqliliklərinə baxmayaraq özünün birgəyaşayış ənənəsinə görə İslam dünyası üçün nümunədir. İslam coğrafiyasında baş verənlər fonunda Azərbaycanda həmrəyliyin, vəhdətin, birliyin qorunması və dünyaya nümunə kimi tanıtdırılması üçün Prezident İlham Əliyevin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi müdrikcəsinə atılan növbəti addımdır.

    İlahiyyatçı Hacı Şahin Həsənli hazırda həmrəyliyin və vəhdətin mahiyyəti barədə məhkumlara məlumat verib. Həmrəyliyin cəmiyyətdə qorunması üçün vacib olan amilləri sadalayan ilahiyyatçı ona mane olan əsas amil kimi radikalizmi göstərib. İlahiyyatçı bildirib ki, həmrəylik bizim üçün bir dəyərdir və bu dəyər tarixi köklərimizə bağlıdır. Azərbaycanda din hər zaman elmi ənənələrə söykənib, dinin əsas missiyası cəmiyyətdə qardaşlığı bərqərar etməkdir. Bu gün İslamı özünün məkrli niyyətlərinə alət edənləri pisləyən ilahiyyatçının sözlərinə görə din siyasətə alət olduğu zaman faciələr baş verir. O bildirib ki, hər bir müsəlman Quran məntiqi ilə hərəkət etməlidir.

    Hacı Şahin Həsənli cihad və şəhidlik mövzusuna toxunaraq onların mahiyyəti barədə də danışıb. O bildirib ki, şəhidlik uca zirvədir. Bu uca zirvəyə kinlə, nifrətlə çatmaq olmaz. İnsanı şəhidliyə vadar edən nifrət deyil, məhəbbət olmalıdır.

    Sonda iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb və Dövlət Komitəsinin nəşri olan kitablar məhkumlara hədiyyə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi