Yuxarı
    Bağlamaq

    Azərbaycandakı dini konfessiyaların rəhbərləri beynəlxalq təşkilatlara və dini liderlərə müraciət ünvanlayıblar

    Müraciətdə beynəlxalq ictimaiyyət dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə çağırılır

    Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri beynəlxalq təşkilatlara və dünya dini liderlərinə müraciət ünvanlayıblar. 

    "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQIDK) daxil olan məlumatda deyilir ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milih Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.

    Bununla bağlı Dövlət Komitəsində keçirilən görüşdə bildirilib ki, müraciət ingilis dilinə tərcümə olunaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, eləcə də Moskva və Ümumrusiya Patriarxı Kirillə, Roma Papası Fransiskə, İstanbuldakı Fənər Rum Patriarxı I Varfolomeyə və digər dini liderlərə göndəriləcək.

    BMT-nin Baş Katibi cənab Antonio Quterreşə, Avropa Şurasının (Aİ) Prezidenti cənab Donald Tuska, Avropa Şurasının Baş katibi cənab Torbyorn Yaqlanda, ATƏT-in fəaliyyətdə olan sədri cənab Sebastyan Kurtsa, İƏT Baş katibi cənab Yusef Əl-Osaymenə və dünya dini liderlərinə ünvanlanan MÜRACİƏT-də deyilir:

    "Bu il iyulun 4-də Ermənistan tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində Azərbaycan Respublikasının döyüş bölgəsində Füzuli rayon sakini 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyeva qətlə yetirilmişdir. İstər bəşəri, istərsə də ilahi qanunlarda günahsız insanların, xüsusilə də uşaqların qətli ən ağır cinayət hesab edilir. Təəssüflə qeyd edirik ki, 2 yaşlı Zəhra terrorun ilk qurbanı deyil. 2011-ci ildə Ağdam şəhərindən olan 9 yaşlı Fariz Bədəlov snayper atəşi nəticəsində həlak olmuşdur. Ümumilikdə, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılaşma əldə edildikdən sonra 33 uşaq terrora məruz qalmışdır. Onlardan 14-ü dünyasını dəyişmiş, 19-u isə yaralanmışdır.

    Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törətməsini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünya dini liderlərini mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırırıq.

    Dinc əhaliyə qarşı silah işlədilməsi Ermənistan dövlətinin 25 ildən artıq davam edən hərbi təcavüzünün, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə və terror aktlarının davamıdir. Atəşkəs elan edilməsinə rəğmən mülki əhalinin mütəmadi atəşə tutulması, qətlə yetirilməsi, ölüm təhlükəsi altında yaşamağa məcbur qoyulması beynəlxalq müstəvidə təcavüzkara qarşı münasibəti kökündən dəyişməyin, “pisləmək”, “baş verənlərdən narahatlıq keçirmək” kimi növbətçi açıqlamalardan qətiyyətli addımlar atmaq mərhələsinə keçməyin vaxtının çoxdan çatdığını bir daha sübuta yetirir.

    Ötən ilin aprel ayında təmas xəttində baş verən təxribatlar zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu və dövlətlə birliyini, qalibiyyət əzmini, Haqq, ədalətin bərpası, Vətən torpağı uğrunda hər an şəhid olmağa hazır olduğunu bütün dünya gördü. Bu reallıq 25 ildən artıq davam edən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan tərəflərin nəzərə almalı olduğu mühüm məqamdır. İşğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirmək münaqişənin həllinə xidmət edə bilməz. Beynəlxalq hüquq və normalara riayət istisnasız olaraq hamının borcudur.

    Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik. O Bir Olan Yaradanımız qarşısında, xalqlarımız qarşısında məsuliyyətimiz biz, dini konfessiya rəhbərlərini sülh və mövcud problemlərin ədalətli həlli naminə səyləri dəstəkləməyə sövq edir. Mübahisəli məsələlərin hərbi yolla həllinə qayıtmağa yol verməmək, heç şübhəsiz, həyati əhəmiyyət kəsb edir. Lakin sülh və anlaşmaya nail olmağın yolu asan deyil və çoxlu zəhmət, güclü iradə, səylərin birlədirilməsini tələb edir. Sülhməramlı dialoqun davamı da bölgədə xalqlarımızın dinc yanaşı yaşamasına, danışıqlar yolu ilə qarşılıqlı qəbul olunan, ən mühümü, ədalətli sülhü bərqərar edəcək qərarların hazırlanmasına xidmət etməlidir. Lakin, təəssüflər olsun ki, erməni tərəfinin təxribatları münaqişənin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinin pozulmasına gətirib çıxarır.

    Biz bir daha bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Bu, Yaradanımız və xalqlarımız qarşısında məsuliyyət və borcumuzdur. Belə ki, bütün səmavi dinlər dinc, günahsız insanların, məsum körpələrin qətlini ən ağır cinayət kimi qiymətləndirir.

    Biz beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır, bu kimi halların qarşısının alınması, ədalətli sülhün bərqərarı naminə səyləri birləşdirməyə çağırırıq."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi