Yuxarı

Komitə sədri: "Azərbaycanda nə sələfi, nə nurçu, nə də digər qeyri-ənənəvi islami qruplar var"

Dövlət Komitəsi dini icmaları qeydiyyata alarkən dəqiq araşdırır

Bakı. 27 dekabr. REPORT.AZ/ "Azərbaycanda bir dənə də olsun sələfi, nurçu, ümumiyyətlə, qeyri-ənənəvi islami qruplar yoxdur".

“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsi dini icmaları qeydiyyata alarkən dəqiq araşdırır: "Dini icmaların qeydiyyatı üçün 50 nəfərin olması şərtdir. Azərbaycanda heç bir məsciddə nə sələfi, nə də digər qeyri-ənənəvi islami qruplar rəsmi şəkildə yoxdur. Biz də onların fəaliyyətinə imkan vermirik".

M.Qurbanlı bildirib ki, indiyədək 3 000-ə qədər Azərbaycan vətəndaşı xarici ölkələrdə dini təhsil alaraq ölkəyə gəlib: "Hazırda yüzlərlə insan da dini təhsil almaqda davam edir. Dövlət-din münasibətlərinin tənzimlənməsində fərqlər var. Bizim özümüzün dövlət-din modelimiz var. Ona görə də məscidlərə axundluq etməli olan insanlar Azərbaycanda dini təhsil almalıdırlar". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi