Yuxarı
    Bağlamaq

    Azərbaycanda dövlət qeydiyyatına alınmış islam kolleclərinə şəhadətnamələr verilib

    Mübariz Qurbanlı: Dini ayinləri yalnız ölkə daxilində dini təhsil almış şəxslər apara bilər

    Bakı. 7 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.

    Komitədən "Report"a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, dini təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

    DQİDK-nın sədri Mübariz Qurbanlı Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldüyünü, dini etiqad azadlığına geniş imkanlar açıldığını və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldığını diqqətə çatdırıb.

    Mübariz Qurbanlı bildirib ki, dövlət başçısının sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə onlarla məscid tikilib, təmir və bərpa olunub, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilir və bu, dini zəmində münaqişələr girdabında boğulan müasir dünyamızda nadir nümunədir. Azərbaycanda müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunur. İslam dini üzrə gənc, peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini ayinləri yalnız ölkə daxilində dini təhsil almış şəxslər apara bilər. Buna görə də ölkəmizdə dini təhsil, din sahəsində kadrların hazırlanması ilə bağlı işlər görülür. Komitə sədri bu məsələdə dini tədris müəssisələrinin önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.

    Sonra dövlət qeydiyyatına alınmış Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Heydər İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub.

    Qeydiyyat şəhadətnamələri almış dini tədris müəssisələrinin rəhbərləri çıxış edərək dinə, dindarlara diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, rəhbərlik etdikləri tədris müəssisələri gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi