Yuxarı

​Azərbaycanda daha bir neçə dini icmaya qeydiyyat şəhadətnaməsi verilib

Mübariz Qurbanlı dini icma sədrlərinə ümummlilli maraqlardan çıxış etmələrini tövsiyə edib

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak edib. Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, ölkədə dini durum sabitdir və dövlət-din münasibətləri qanunla tənzimlənir. Mövcud qanunvericilik dövlət-din münasibətlərini yülksək səviyyədə nizamlayır. Ölkədə müxtəlif konfessiyaların mövcud olduğunu vurğulayan Komitə sədri, Azərbaycanda məscidlərlə yanaşı, kilsə və sinaqoqların da fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Azərbaycan dövlətinin dini icmalara qayğısından danışan Komitə sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin başladığı bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dini icmaların maarifləndirmə işinin təşkili və icmaların fəaliyyətinin yaxşılaşdırılması məqsədilə dövlət başçısı tərəfindən ayrılmış maliyyə yardımı bunun əyani göstəricisidir. Maliyyə yardımı İslam və qeyri-islam dini icmalar üçün nəzərdə tutulub.

Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələr verən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı onların yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq və fəaliyyətinin zəruriliyini vurğulayıb.

Eyni zamanda, Mübariz Qurbanlı dini icma sədrlərinə rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərin təbliği və radikalizmə qarşı mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummlilli maraqlardan çıxış etmələrini tövsiyə edib.

Dini icma sədrləri çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Sonda qeydiyyatla bağlı şəhadətnamələr dini icma sədrlərinə təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi