Bakı. 27 aprel. REPORT.AZ/ Finlandiyada səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin təhsil və mədəniyyət nazirinin müavini Zabrina Holmström ilə görüşüb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Report"a verilən məlumata görə, nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov daxildir.
Z.Holmström irqçilik və terrorizm məsələləri kimi çağırışların bu gün dünyanın ən böyük problemləri olduğunu qeyd edib. Buna baxmayaraq Finlandiyada fərqli dinlərin təmsilçilərinin dövlət tərəfindən dəstəklədiyini bildirən nazir müavini bu gün xalqlar arasında mədəni əlaqələrin, dinlərarası dialoqun müxtəlif problemlərin həlli üçün açar rolunu oynadığını vurğulayıb.
Dövlət müşaviri Kamal Abdullayev bu səfərin dünyanın bir çox yerlərində terror aktlarının baş verdiyi bir zamanda reallaşdığını vurğulayaraq bu kimi halları pisləyib.
Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını və bu istiqamətdə böyük işlər görüldüyünü diqqətə çatdıran dövlət müşaviri ölkədə müxtəlif konfessiyaların, dinlərin, millətlərin və dillərin təmsilçilərinə yanaşmada bərabər siyasətin yürüdüldüyünü vurğulayıb.
Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlərin son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xalqımızın bu ənənələrinin tarixi keçmişdən, mental dəyərlərdən qaynaqlandığını bildirib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycandakı dini durum və dövlət-din münasibətləri barədə ətraflı məlumat verən M.Qurbanlı deyib ki, ölkədə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər və buna görə bu gün Azərbaycan tolerantlığa və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir.
QMİ sədri Allahşükür Paşazadə ölkədəki dini dözümlülük və tolerantlıq ənənələrindən söz açıb. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşıldığını deyən şeyxülislam bunun bir çox dünya ölkələrində təəccüblə qarsalandığını bildirib. A.Paşazadə qeyd edib ki, Azərbaycan dövləti ölkədə yaşayan xalqların milli müxtəlifliyini və mədəni dəyərlərini qoruyur və ölkə daxilində insanların qardaşlıq şəraitində yaşaması üçün qarant rolunu oynayır.
Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycanla Finlandiya arasında daha sıx əlaqələrin qurulmasında bu səfərin əhəmiyyətini vurğulayıb.