Azərbaycan nümayəndə heyəti Brüsseldə tolerantlıqla bağlı beynəlxalq konfransda iştirak edir

Azərbaycan nümayəndə heyəti Brüsseldə tolerantlıqla bağlı beynəlxalq konfransda iştirak edir Nümayəndə heyətinə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı başçılıq edir
Din
30 Noyabr , 2015 15:33
Azərbaycan nümayəndə heyəti Brüsseldə tolerantlıqla bağlı beynəlxalq konfransda iştirak edir

Bakı. 30 noyabr. REPORT.AZ/ Avropa Şurasının Brüssel ofisində bu gün "Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan nümunəsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) "Report"a verilən xəbərə görə, tədbirdə Azərbaycandan olan yüksək səviyyəli ekspertlər, Qərbin tanınmış tədqiqat mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının rəhbərləri və avropalı parlamentarilər iştirak edir. 

Komitə sədrinin birinci müavini Səyyad Salahlının başçılığı ilə səfərdə olan nümayəndə heyətinə Milli Məclisin üzvü Sahibə Qafarova, DQİDK-nın Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynov, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev daxildir.

Konfransın keçirilməsində əsas məqsəd Azərbaycanı dünya ictimaiyyətinə sivilizasiyaların və dinlərin qovuşduğu tarixi məkan kimi tanıtmaq, ölkənin din siyasətini, xalqımızın tolerant və multikultural dəyərlərini beynəlxalq miqyasda təbliğ etmək, eləcə də Azərbaycanın dünyada dinlər və mədəniyyətlərarası dialoq prosesini aktiv dəstəkləmək iradəsini avropalı ekspertlər vasitəsilə nümayiş etdirməkdir.

Komitədən bildirilib ki, konfransda, eyni zamanda, Azərbaycanda mövcud olan dünyəvi sistemin dini konfessiyaların azadlığı baxımından nümunəvi model kimi tanıdılması, ölkəmizin dövlət-din münasibətlərinin dövrümüzdə qlobal miqrasiya böhranı ilə üzləşən Avropa ilə müqayisə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, tədbir DQİDK-nin dəstəyi və "EMİSCO"nun (Sosial Vəhdət uğrunda Avropa-Müsəlman Təşəbbüsü) təşkilatçılığı ilə keçirilir. 

Son xəbərlər

Orphus sistemi