Yuxarı
    Bağlamaq

    AMEA prezidenti: “Radikallara qətiyyətli “yox” sözünü ilk növbədə müsəlman alimləri, o cümlədən Azərbaycan alimləri deməlidir”

    “Müsəlman yalnız ibadət edən və oruc tutan insan deyil”

    Bakı. 16 aprel. REPORT.AZ/ “Minilliklər boyunca Azərbaycan çoxsaylı mədəniyyət və dinlərin kəsişdiyi məkan olub və bu gün də belədir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə “İslam Maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

    O qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda bir sıra beynəlxalq forumlar keçirilib və bu forumlarda multikulturalizmin və dini dözümlülüyün aktual məsələləri müzakirə olunub: “Xalqımıza xas olan tolerantlıq, başqa din və mədəniyyətlərə qarşı hörmətdən bu gün hər yerdə danışılır və konfrans iştirakçıları Bakıda olduqları müddətdə, təbii ki, bir daha bunun şahidi olacaqlar. Şübhəsiz ki, keçirdiyimiz tədbirdə xalqımızın tarixi keçmişi və milli-mənəvi dəyərlərin hazırkı durumunun, İslam maarifçiliyinin müasir mərhələdə problemlərinin müzakirəsi gözlədiyimiz töhfələri verəcək”.

    O deyib ki, Azərbaycanda müxtəlif dinlərə sitayiş edən bir çox xalqlar yaşayır və ölkənin bütün vətəndaşları bərabərhüquqludurlar.

    A.Əlizadə qeyd edib ki, ölkənin müsəlman əhalisi tərəfindən İslamın müxtəlif təriqətləri arasında fərq qoyulmasa da, şiə və sünni məscidləri də mövcuddur.

    “Hər bir müsəlmanın mütləq olaraq Qurani-Kərimi oxumaq vəzifəsini nəzərə alsaq, demək olar ki, yeni dinin gəlişi İslam dünyasında savadsızlığın ləğvinə gətirdi. Bu dünyanı əhatə edən, nəinki şəhərlərdə, hətta kəndlərdə belə açılan mədrəsə şəbəkəsi isə demək olar ki, mahiyyət etibarilə müasir ibtidai təhsil sisteminin prototipi oldu.

    Müsəlman yalnız ibadət edən və oruc tutan insan deyil. İlk növbədə, müsəlman özünün Allah-Təala tərəfindən yaradılan və bu dünyada azad məfhum olan “faili muxtar” olduğuna inanan insandır”, - A.Əlizadə bildirib.

    AMEA prezidenti deyib ki, İslam şüarları altında İraq və Suriyada əsrlər boyu insan tərəfindən yaradılan sənət incilərini məhv edənlər, Qərb təhsil sistemini “haram” hesab edənlər, insanları yalnız onların fərqli düşüncələrinə görə öldürənlər bu mahiyyəti yıxıb dağıtmaq istəyirlər: “Belə radikallara qətiyyətli “yox” sözü ilk növbədə müsəlman alimləri, o cümlədən Azərbaycan alimləri tərəfindən deyilməlidir”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi