Allahşükür Paşazadə və Mübariz Qurbanlı Bərdədəki İmamzadə kompleksində olublar - FOTO

Allahşükür Paşazadə və Mübariz Qurbanlı Bərdədəki İmamzadə kompleksində olublar - FOTO “Bərdə və Bərdə İmamzadəsi” adlı sənədli film çəkilib
Din
9 İyun , 2015 11:09
Allahşükür Paşazadə və Mübariz Qurbanlı Bərdədəki İmamzadə kompleksində olublar - FOTO

Bakı. 9 iyun. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı və tanınmış ilahiyyatçı alimlər Bərdə şəhərindəki İmamzadə kompleksində olublar. DQİDK-nin mətbuat xidmətindən "Report" a verilən məlumata görə, qonaqlara Azərbaycan Prezidenti yanında Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” proqramı çərçivəsində burada aparılan abadlıq, kompleksin tarixinin öyrənilməsi, təbliği layihəsi barədə məlumat verilib. 

Bildirilib ki, layihə çərçivəsində yerli ustalar abidənin ümumi görünüşünə heç bir müdaxilə etmədən abadlıq işləri aparıblar. XVII-XIX əsrlərə aid ərəb və fars dillərində qəbirüstü yazılar və daş kitabənin mətni Azərbaycan dilinə çevrilərək müasir əlifba ilə dəmir lövhəyə köçürülüb. Türbənin kümbəz tipli dam örtüyünün sıradan çıxmasının qarşısı alınıb, həyətdə daş piltələrdən meydança, çay daşından səkilər və bulaq düzəldilib, yaşıllıq salınıb.

Qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası və Bərdə Rayon İcra Hakimiyyəti ilə birlikdə burada iki elmi konfrans və "dəyirmi masa" keçirilib. Həmçinin “Bərdə və Bərdə İmamzadəsi” adlı sənədli filmi çəkilib, eyni adda kitab nəşrə hazırlanıb. Bilik Fondunun “Məscid kitabxanası” layihəsi çərçivəsində İmamzadə kompleksinə 200 adda kitab hədiyyə edilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İmamzadə kompleksində aparılan elmi tədqiqat və abadlıq işlərini yüksək qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi