Yuxarı

Allahşükür Paşazadə: "Məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət etmək düzgün deyil"

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı xüsusi təqvim və yaddaş kitabçası hazırlayıb

Bakı. 4 iyun. REPORT.AZ/ "Müxtəlif mənbələrdən daxil olan və məzhəb, vaxt ayrıseçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil". “Report” xəbər verir ki, bunu Qazılar Şurası və Elmi-Dini Şurasının birgə iclası keçirilən iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Şeyx qeyd edib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib: "Mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olan və məzhəb, vaxt ayrıseçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil".

A.Paşazadə bildirib ki, bu təqvimə riayət etmək vacibdir: “Dindarlarımıza, bölgələrdəki qazılara, səlahiyyətli nümayəndələrə, imam və axundlara ibadət məkanlarımızda bu təqvimə riayətin vacib olduğunu bildiririk. Eyni zamanda, ölkəmizdə tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV və sosial-media vasitələrində sözügedən təqvimin təbliği və yayılmasını milli vəhdət baxımından vacib sayırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi