Yuxarı

Allahşükür Paşazadə israilli ekspertlə görüşüb

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" adlı qeyri-hökumət təşkilatının rəhbəri Ari Qutu qəbul edib.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, habelə hal-hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayan A.Paşazadə ali mənəviyyat mənbəyi olan dinə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb.

Azərbaycanda olmasından məmnunluq duyduğunu bildirən A.Qut Azərbaycanda hökm sürən dinlərarası dialoq və əməkdaşlığın olduqca qiymətli dəyər olduğunu və bu dəyərin Azərbaycanın dünya çapında vizit kartına çevrildiyini xüsusi vurğulayıb.

O, antisemitizm təzahürlərinin heç bir zaman mövcud olmadığı Azərbaycanın beynəlxalq münasibətlər sistemində multikulturalizm dəyərlərinin fəal təbliğatçısı kimi çıxış etməsini əhəmiyyətli hal kimi səciyyələndirib. O bildirib ki, bu işdə Azərbaycanın dövlət rəhbərinin, habelə dini icma rəhbərlərinin rolu təqdirə layiqdir.

İsrailli qonaq Azərbaycanın tolerantlıq mühitinin öyrənilməsi və təbliği işi ilə bağlı yaxın vaxtlarda layihə gerçəkləşdirəcəklərini bildirib.

A.Qut dünyanı radikallaşma, dözümsüzlük mərəzi bürüdüyü bir zamanda Azərbaycanda multikulturalizmin nümunəvi səviyyəsini, habelə şeyxülislam A. Paşazadənin Azərbaycandakı digər ənənəvi dini liderlərlə uğurlu əməkdaşlıq təcrübəsini, həmçinin Qafqaz və MDB çərçivəsində nüfuzlu dini lider olaraq dinlərarası dialoq prosesinə verdiyi töhfələri işıqlandırmaq niyyətində olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi