Allahşükür Paşazadə ABŞ-ın müvəqqəti işlər vəkili ilə Azərbaycandakı dini vəziyyəti müzakirə edib

Allahşükür Paşazadə ABŞ-ın müvəqqəti işlər vəkili ilə Azərbaycandakı dini vəziyyəti müzakirə edib Şeyxülislam: "Dini tolerantlıq məsələsi Azərbaycanda insanların gündəlik həyat tərzidir"
Din
5 Dekabr , 2014 19:03
Allahşükür Paşazadə ABŞ-ın müvəqqəti işlər vəkili ilə Azərbaycandakı dini vəziyyəti müzakirə edib
Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanı qəbul edib. Bu barədə QMİ-dən "Report"a məlumat verilib. 

Məlumata görə, görüşdə şeyxülislam Azərbaycandakı dini vəziyyət və müxtəlif dinləri təmsil edən icmalar arasındakı qarşılıqlı münasibətlər haqqında danışıb. O qeyd edib ki, dini tolerantlıq məsələsi Azərbaycanda insanların gündəlik həyat tərzidir və müxtəlif dinlərin liderlərinin şəxsi səmimi münasibətləri və sıx əməkdaşlığı bunun bariz göstəricisidir. A.Paşazadə 1992-ci ildən bəri Qafqaz Xalqları Ali Dini Şurasının sədri olduğunu və bu qurumun çətiri altında müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da birləşdiyini vurğulayıb. Şeyxülislam tolerantlığın ümumbəşəri xarakter daşıdığını və sərhədləri olmadığını bildirib.

D.Hoqan isə qeyd edib ki, Azərbaycanda çalışdığı dövrdə müxtəlif regionlara səfərlər edib və müxtəlif dinləri təmsil edən vətəndaşlarla görüşlər keçirib. Diplomat həmin görüşlərdə A.Paşazadənin tolerantlığın möhkəmlənməsində böyük rol oynadığının dilə gətirildiyini bildirib.

Görüş zamanı tərəflər qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

Görüşdə QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, sədr müavinləri Qəmər xanım Cavadlı və Rəşad Əliyarlı, ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Stiven Qays və başqaları iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi