Yuxarı
    Bağlamaq

    Azərbaycanda ​10 dini icmaya maliyyə yardımı ayrılıb

    Dövlət Komitəsinin sədri milli-mənəvi, o cümlədən dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb

    Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağa başlayıb. Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu məqsədlə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış ilk 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.

    Toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, ayrılan maliyyə vəsaiti ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək. O qeyd edib ki, Dövlət Komitəsində maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası yaradılıb. Komissiya icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edilir. Komitə sədri əlavə edib ki, icma sədrləri onlara ayrılan vəsaitin istifadə olunması ilə bağlı rəhbərlik etdikləri icma üzvlərinin rəyini də nəzərə almalıdırlar.

    Dini maarifləndirmənin əhəmiyyətindən danışan Dövlət Komitəsinin sədri milli-mənəvi, o cümlədən dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb. Mübariz Qurbanlı qeyd edib ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək.

    Eyni zamanda, Mübariz Qurbanlı dini icma sədrlərinin yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinin vacibliyini vurğulayıb.

    Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov toplantıda çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə dövlət başçısı İlham Əliyevə dindarlar adından təşəkkürünü bildirib.

    Yasamal rayonu, "Xanım Zəhra" məscidi dini icmasının sədri Ramiz Tahirov isə icmalara ayrılan maliyyə vəsaitinin dini maarifləndirmə işinə və gənclər arasında düzgün təbliğatın aparılmasına müsbət təsir göstərəcəyini vurğulayıb. O qeyd edib ki, dindarlar dövlət başçısının bununla bağlı sərəncamını yüksək qiymətləndirir və bunu tarixi hadisə hesab edirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi