Bakı. 28 avqust. REPORT.AZ/ "Avropa İttifaqı (Aİ) təhlükəsizlik baxımından NATO-dan asılıdır və alyanssız keçinə bilməz".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Polşanın "Reçpospolita" qəzetində dərc olunan müsahibəsində deyib.
"Biz daha çox Avropa qüvvələrinə, müasir imkanlara malik olmaq, müdafiə xərclərini artırmaq istəyirik. Biz Avropa Komandanlığı və ya Avropa ordusunun yaradılmasından, eləcə də Avropanın NATO-suz da keçinə biləcəyi dedi-qodularından yayınmalıyıq", - o vurğulayıb.
Onun sözlərinə görə, NATO kollektiv müdafiənin zəmanətidir və Avropa alyansdan asılıdır.
O qeyd edib ki, "Brexit"dən sonra müdafiə xərcləri hamıdan çox olan iki ölkə (ABŞ və Böyük Britaniya) artıq Aİ xaricində olacaq.
"Üstəlik, şərq cinahındakı dörd döyüş qrupundan üçü Aİ üzvü olmayan ölkələrin komandanlığında olacaq. Buna görə də NATO üzvü olan bu ölkələrin yardımı olmadan keçinmək mümkün deyil", - Y.Stoltenberq bildirib.