Yuxarı
    Bağlamaq

    Yeni Zelandiyanın sabiq baş naziri siyasətdən gedəcəyini açıqlayıb

    Rəhbərlik etdiyi siyasi partiya onun liderliyi dövründə heç bir seçkini uduzmayıb© PA

    Bakı. 22 mart. REPORT.AZ/ Yeni Zelandiyanın ən məşhur siyasətçilərindən biri, ötən ilin sonlarında hökumət başçısı vəzifəsini tərk edən Con Ki parlamentdə vida çıxışında yaxın həftələrdə siyasətdən gedəcəyini deyib.

    "Report" xəbər verir ki, indiyədək böyük siyasəti tam tərk etməyə ona ölkənin konstitusiyası mane olurdu.

    Əsas qanuna görə, ümumi seçkilərə altı ay qalanadək deputat hər hansı səbəbə görə öz vəzifələrinin öhdəsindən gəlmək imkanında olmadıqda həmin dairədə əlavə seçkilər keçirilməlidir. Yeni Zelandiyada növbəti parlament seçkiləri cari il sentyabrın 23-nə təyin edilib və beləliklə sabiq Baş nazirin parlamentdə təmsil etdiyi Hellensvill dairəsində əlavə seçkilərə ehtiyac qalmır.

    55 yaşlı Con Ki ölkə tarixində qlobal iqtisadi böhran dövründə ölkəni uğurla idarə etmiş lider kimi qalacaq. Eyni zamanda, rəhbərlik etdiyi siyasi partiya onun liderliyi dövründə heç bir seçkini uduzmayıb. Keçmişdə “Merryll Lynch” bankının valyuta treyderi olmuş Con Ki 2008-ci ildə Yeni Zelandiya Milli Partiyası (YZMP) müxalifətdə olarkən onun rəhbəri seçilib. Üç dəfə - 2008, 2011 və 2014-cü illərdə YZMP seçkilərdə qalib gəlib. C.Kinin sələfi Bill İnqilişin hökumət başçısı kimi reytinqi nə qədər aşağı olsa da, hakim partiya sentyabrda keçiriləcək seçkilər ərəfəsində kifayət qədər nüfuza malikdir. Siyasəti tərk etmək səbəbini C.Ki şəxsi motivlərlə izah edib.

    Jurnalistlərə bir neçə xarici instituta rəhbərlik etmək barədə təklifləri artıq qəbul etmədiyini bildirən C.Ki deyib: “ Düşünürəm ki, xaricə gedərək tamamilə fərqli işlə məşğul olmaq düzgün olmaz. Həmçinin mən həftədə 100 saatdan artıq işləmək də istəmirəm”.

    Baş nazir olduğu dövrdə o, dünyanın bir çox aparıcı siyasətçiləri, o cümlədən ABŞ-ın sabiq Prezidenti Barak Obama, AFR-in kansleri Anqela Merkel, Çinin sədri Si Çzin Pin, Yaponiyanın Baş naziri Şinzo Abe, Kanadanın sabiq Baş naziri Stiven Harper, Avstraliyanın sabiq və indiki Baş nazirləri Toni Abbot və Malkolm Tenbull ilə sıx dostluq əlaqələri qurub.

    Jurnalistlərlə söhbəti zamanı C.Ki etiraf edib ki, gələcəkdə ictimai mühazirələrlə çıxış etməyin əleyhinə deyil və bununla yanaşı, biznes və xeyriyyəçiliklə məşğul olmaq barədə də düşünür.

    C.Ki deyib: “Mən Yeni Zelandiyanı sevirəm və mənim rəhbərliyim altında hökumətin qazandığı uğurlara sevinirəm. Lakin bu heç də o, demək deyil ki, mən öz qərarımı səhv hesab edirəm. Mən hansısa qalmaqala və ya kiminsə məni itələməsinə görə deyil, yüksək pillədə 10 il qalmağın kifayətləndirici olduğunu düşündüyümə görə gedirəm”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi