Bakı. 7 fevral. REPORT.AZ/ Yəməndə şiə təriqətindən olan husilər ölkə hakimiyyətini ələ keçirdiklərini, parlamenti buraxdıqlarını və dövləti idarə etmək üçün müvəqqəti prezident şurası yaratdıqlarını bəyan ediblər.
"Report" xəbər verir ki, Yəmən prezidenti Əbdrəbba Mansur Hadi husilərin ondan Nazirlər Kabinetində vəzifə tələb etmələrindən sonra istefa verib.
Fevralın 1-də üsyançılar yeni hökumət formalaşdırmaq məqsədi ilə hakimiyyət böhranın aradan qaldırılması ilə bağlı ölkənin siyasi partiyalarına ultimatum veriblər. Lakin BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz qalıb.
Nüfuzlu sünnilər və Yəmənin cənubunu təmsil edən siyasi partiyalar ölkədə hakimiyyətin husilərin əlinə keçməsini qəbul etmirlər.