İsraillə əlaqəsi olmayan gəmilərə hücum etməyəcəyik.
"Report" xəbər verir ki, bu barədə Yəmənin qiyamçı “Ənsar Allah” (Husilər) hərəkatının nümayəndəsi Məhəmməd Abdel Salam bildirib.
"İsraillə əlaqəli gəmilər istisna olmaqla, Qırmızı dənizin təhlükəsiz olduğunu təsdiq edirik. Əgər İsrailə qarşı dəniz əməliyyatlarını dayandırmağımızı istəyirsinizsə, Qəzza zolağının blokadası aradan qaldırılmalı, ora ərzaq və dərman çatdırmalıdır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, husilərin Qırmızı dənizdəki əməliyyatları ciddi iqtisadi təsirə malikdir.
Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.