Yuxarı

​Yelisey Sarayı: "Fransa təhlükəsizliyinə təhdidlərə yol verməyəcək"

ABŞ kəşfiyyatı 6 il Fransanın 3 prezidentinin telefon danışıqlarını dinləyib və elektron poçtundakı məlumatları izləyib

Bakı. 24 iyun. REPORT.AZ/ Fransa hökuməti xarici kəşfiyyat orqanlarının ölkədə keçirdiyi kəşfiyyat fəaliyyətini yolverilməz hesab edir və ölkəsinin təhlükəsizliyinə təhdidlərə yol verməyəcəyini bəyan edir. "Report" TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatı ölkə prezidenti Fransua Ollandın rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının təcili iclasından sonra Yelisey Sarayının mətbuat xidməti yayıb.

"Fransa öz təhlükəsizliyinə zərbə vura biləcək heç bir hərəkətə yol verməyəcək", - bəyanatda deyilir.

ABŞ kəşfiyyat orqanları tərəfindən Fransa prezidentlərinə qarşı casusluq etməsi ilə bağlı qalmaqal 23 iyun tarixində jurnalist araşdırmaları nəticələrinin mətbuatda dərc olunmasından sonra baş verib. "Liberation" nəşri və "Mediapart" saytının "Wikileaks"lə birlikdə açıqladığı məlumatlar sübut edir ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi 2006-cı ildən 2012-ci ilin mayına kimi Fransanın üç prezidenti - Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın, həmçinin onların köməkçilərinin telefon danışıqlarını dinləyib və elektron poçtundakı məlumatları izləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi